Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 17:41:00
“AMEA institutları nə yazırlar, nəyə imza atırlar?!” –Ekspertdən “maygülü məsələsi”nə reaksiya  

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı ornitoloqlar tərəfindən dəyişdirilib. Maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub.

Bu da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və gülüş obyektinə çevrilib.

AzEdu.az AMEA-nın son zamanlar hərəkətlərinin belə gülüş obyektinə çevrilməsi ilə bağlı təhsil eksperti Etibar Əliyevin fikirlərini öyrənib.

O, bu məsələnin birbaşa olaraq AMEA-nın rəhbər şəxslərinin yaşlanması ilə bağlı olduğunu deyib:

“Azərbaycan Milli Elmlər Akademiyası hazırda durğunluq dövrünü yaşayır. Akademiyanın üzvləri dünyada baş verən proseslərdən tədric olunublar. Xarici ölkələrdə aparılan elmi araşdırmalardan xəbərləri yoxdu.

Sovet dövründə Elmlər Akademiyası daha aktiv şəkildə fəaliyyət göstərirdi. O dövrdə aparılan elmi islahatlar indiki ilə müqayisədə daha canlı və praqmatik xarakter daşıyırdı.

Tək maygülü yox, bir çox belə məsələlər müzakirə obyektinə çevrilir.Bu yaxınlarda “Səməd Vurğun əsərlərində milli məfkurə məsələləri” mövzusunda AMEA-da tədbir keçirilib. Bunlar  elmi yükə malik olmayan tədbirlərdi.

AMEA-da islahatların həyata keçirilməsi haqqında qərarlar verilir. Lakin, bunun heç bir xeyri olmur. Yalnız görüntü üçün belə islahatlar keçirilir.

Mütləq şəkildə Akademiyada gənc mütəxəssislərə yer verilməli və onların fikirlərindən istifadə olunmalıdır. Belə olmadıqda görülən işlər gülüş obyektinə çevrilir. 

AMEA-nın tərkibində böyük institutlar var. Onlar nə yazırlar, nəyə imza atırlar?!- əksəriyyəti plagiatdı.

Şükufə Süleymanlı