https://www.zirve.edu.az/
03.04.2019 12:15
Gürcüstan azərbaycanlıları üçün ali məktəblərdə kvota ayrılıb - Deputat Diaspor Komitəsinə TƏŞƏKKÜR ETDİ

Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü arzusu” partiyasının azərbaycanlı üzvü Mahir Dərziyev Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin Gürcüstana səfərini şərh edib. 

Diasporla Komitəsi borçalılarla mütəmadi əlaqə saxlayır

M.Dərziyev bildirib ki, hazırda  Gürcüstan-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir:

“Çox sevinirik ki, münasibətlər daimi inkişafdadır. Diasporla İş üzrə Dövlət Komitəsi borçalılarla mütəmadi əlaqə saxlayır.  Hardasa bir ilə yaxın müddət bundan əvvəl Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana səfəri olmuşdu. Bu, ikinci səfəridir. İndki səfəri də müsbət qiymətləndirirəm”.

Mahir Dərziyev komitə sədrinin bir sıra görüşlər keçirdiyini xatırladaraq vurğulayıb ki, diasporun önəmi artıq bütün dünyada bilinir.

“Dünən Fuad Muradov Gürcüstan Parlamentinin Azərbaycanla dostluq qrupu ilə görüşdü. Sonra bir sıra vacib görüşlər də keçirdi. Bu gün də azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli, sabah isə Kaxeti bölgəsində görüş keçirəcək. Bu görüşlərin hər birini müsbət qiymətləndirirəm.  Azərbaycan diasporu dünyanın bir çox ölkələrində çox fəal iş aparır. Diaspor hər bir dövlətin strateji sərvətidir. Belə deyək də, vətənin bir hissəsi vətəndən kənardadır. Açığı deyim, Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyindən narazı olmuşam. Sadəcə, gedənin arxasınca danışmazlar. Fuad Muradovun addımlarını  ilk  günlərdən dəstəkləmişəm. Məsələlərə mütərəqqi baxışı var. Dövlətçilik, milli maraqlar baxımından çox yaxşı yanaşması var”.

Dövlət Komitəsi övladlarımıza pulsuz ali təhsil verdirəcək...

Gürcüstanlı deputat Fuad Muradovun birinci və ikinci səfərləri arasında gerçəkləşən məsələlərdən də söz açıb:

“Gürcüstan  Azərbaycanın dostu, strateji müttəfiqi olan ölkədir. Burada yaşayan azərbaycanlılar həmişə diaspor siyasətinə dəstək veriblər. Bu gün Marneulidə “Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzi”nin açılışı olacaq. Bildiyiniz kimi, bizim ən böyük problemimiz gürcü cəmiyyətinə inteqrasiya problemidir.  Çox şadam ki, dövlətimizin mövqeyinə əsasən  Diaspor Komitəsi bizim icmanın Gürcüstan dövlətinə inteqrasiyası, dövlət dilinin öyrənilməsi, gənclərin təhsil məsələləri ilə bağlı çox önəmli dəstək göstərdi. 

Bu gün məktəblərimizdə pedaqoji kadrlarla bağlı vəziyyət çox ağırdır. Böyük əksəriyyəti pensiya yaşında və pensiya yaşı ərəfəsində olan insanlardır. Fuad Muradovun ilk səfəri zamanı bu məsələni qaldırdım.  Gürcüstan məktəblərində pedaqoji kadrlar hazırlansa belə, bu, yetərli deyil. Bundan başqa, bizim üçün çox ağır problem  var. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Gürcüstan ali məktəblərində hazırlanmır. Bu, bizim üçün çox önəmlidir. Dünən Fuad Muradov bizimlə görüşdə elan etdi ki, Azərbaycan hökuməti Gürcüstanda yaşayan azərbaycanlılar üçün  Azərbaycanın ali məktəblərində kvota ayırıb. Çox şadıq ki, övladlarımız Azərbaycan dövlətinin qayğısını hiss edir. Azərbaycan dövlətinin ayrıdğı kvotalarla Azərbaycanın müxtəlif ali məktəblərində ödənişsiz təhsil alacaqlar. Bu, ilk dəfə həyata keçirilir. Çox sağ olsun, həm Azərbaycan hökuməti, həm də Fuad Muradov. Bu məsələyə operativ reaksiya verdilər. Artıq qərar qəbul olunub. Bu iş reallaşıb”.