Azedu.az

Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...

AzEdu Təhsil Platforması

4 Sentyabr 2026, 14:34
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...

Kolleclərə ixtisas seçiminin nəticələri açıqlanıb. Bu il bəzi ixtisaslar üzrə keçid ballarında azalma müşahidə olunur. Eyni zamanda, subbakalavrların ali məktəblərə qəbul imkanlarının əvvəlki illərlə müqayisədə çətinləşməsi diqqət çəkir.

Mövcud vəziyyət kolleclərə marağın gələcəkdə azalacağı ilə bağlı suallar yaradır. Belə ki, abituriyentlərin bir qismi kollecləri məhz sonradan imtahansız şəkildə ali təhsil almaq imkanına görə seçirdi.

Bəs subbakalavrların ali məktəblərə keçid imkanlarının məhdudlaşması kolleclərə marağa necə təsir göstərəcək?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, kolleclərə olan maraqsızlığın fonunda isə daha çox peşə və yüksək peşə təhsili müəssisələrinə marağın artacağı gözlənilir:

170988

"Bu il xüsusilə III və IV ixtisas qruplarında subbakalavrların ali təhsil müəssisələrinə qəbul olunmaq şansının demək olar ki, sıfıra enməsi və digər qruplarda keçid ballarının yüksəlməsi bir neçə əsas amillə bağlıdır. Bunun başlıca səbəblərindən biri güzəştli ixtisasların sayının artırılmasıdır. Bildiyimiz kimi, kolleclərdə təhsil alan tələbələrin əksəriyyətinin əsas məqsədi sonradan ali təhsil ocaqlarına keçid etməkdir.

Növbəti illərdə subbakalavrlar üçün xüsusi güzəştli şərait yaradılmazsa, kolleclərə qəbul olmaq istəyənlərin sayı hiss olunacaq dərəcədə azalacaq və ya qəbul səviyyəsi aşağı düşəcək. Kolleclərə olan maraqsızlığın fonunda isə daha çox peşə və yüksək peşə təhsili müəssisələrinə marağın artacağı gözlənilir. Artıq bu il də peşə və yüksək peşə təhsilinə üz tutanların sayında və onların keçid ballarında ciddi artım müşahidə olundu.

Bu artımın əsas səbəbi yüksək peşə təhsilindən də ali təhsil müəssisələrinə keçidin mümkün olması və əlavə olaraq tələbələrin konkret, keyfiyyətli bir peşəyə yiyələnmək imkanı əldə etməsidir. Müasir dövrdə praktiki peşə bacarıqları daha böyük əhəmiyyət kəsb edir. Buna görə də kolleclərin tədricən öz mövqeyini peşə məktəblərinə verəcəyi ehtimal olunur. Lakin gələcəkdə kolleclərə ayrılan yerlərin sayı və onların universitetlərə qəbul şansları artırılarsa, bu istiqamətə olan maraq yenidən bərpa oluna bilər".

SON DƏQİQƏ! Rusiya bombalanır - Dəhşətli partlayışlar
Son xəbərlərDaha çox