"Ən çox bizi narahat edən məqam şagirdlərin oxu bacarıqlarının aşağı olmasıdır".
AzEdu.az xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.
O bildirib ki, bir çox ölkələr təhsil strategiyalarının nəticələrini PISA kimi beynəlxalq qiymətləndirmələr əsasında da dəyərləndirirlər.
"İstəyirik ki, ikinci səviyyənin altında olan uşaqların faizi azalsın, 5-ci və 6-cı səviyyədə olan şagirdlərin faizi isə artsın. 5-ci və 6-cı səviyyə çox yüksək təfəkkür bacarıqlarına malik uşaqları əhatə edir. Ölkəni irəli aparan, fərqli yanaşmalar və innovativ həllər ortaya qoyan insanlar əsasən bu qrupdan formalaşa bilər".
Elnur Əliyev qeyd edib ki, son illərdə PISA nəticələrində təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə və OECD üzrə orta göstəricidə də azalma müşahidə olunur. Asiya ölkələrində- Çin, Cənubi Koreya, Sinqapur, Vyetnam və Yaponiyada isə müsbət tendensiyalar qeydə alınır.
O, Azərbaycanın nəticələri ilə bağlı əsas narahatlıq doğuran məqamlardan birinin şagirdlərin oxu bacarıqlarının aşağı olması olduğunu vurğulayıb:
"Hazırda biz 2009, 2018 və 2022-ci illərin nəticələrini görürük. Ən çox bizi narahat edən məqamlardan biri şagirdlərin oxu bacarıqlarının aşağı olmasıdır".
Nazir müşaviri bildirib ki, PISA-nın 2025-ci il üzrə nəticələri 8 sentyabr saat 10:30-da açıqlanacaq.