Azedu.az

PISA-da şagird seçimi ilə bağlı AÇIQLAMA - "Prosesə müdaxilə etmirik"

AzEdu Təhsil Platforması

4 Sentyabr 2026, 11:06
PISA-da şagird seçimi ilə bağlı AÇIQLAMA - "Prosesə müdaxilə etmirik"

PISA beynəlxalq qiymətləndirməsində iştirak edəcək məktəb və şagirdlər Azərbaycan tərəfindən seçilmir. Seçim beynəlxalq metodologiyaya uyğun olaraq təsadüfi statistik üsulla həyata keçirilir.

AzEdu.az xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün məktəblər barədə məlumatları beynəlxalq qiymətləndirmənin qərargahına təqdim edir və məktəblər həmin məlumatlar əsasında beynəlxalq qurum tərəfindən seçilir.

"Bizim belə bir seçim imkanımız yoxdur. Bütün məktəblərin məlumatlarını təqdim edirik, onların öz statistik seçim metodları var və iştirak edəcək məktəbləri onlar müəyyənləşdirirlər.

Şagirdləri də biz seçmirik. Hər məktəbdən iştirak edəcək şagirdlərin adsız, kodlaşdırılmış məlumatlarını sistemə təqdim edirik. Daha sonra həmin kodlar əsasında bizə siyahı göndərilir və qiymətləndirmədə hansı şagirdlərin iştirak edəcəyi müəyyən olunur".

Elnur Əliyev vurğulayıb ki, PISA reytinq yarışı olmadığı üçün yalnız yüksək nəticə göstərəcək şagirdlərin seçilməsi mümkün deyil. Şagirdlər təsadüfi seçim əsasında müəyyənləşdirilir.

O qeyd edib ki, nəticələrin etibarlı hesab olunması üçün seçilmiş şagirdlərin ən azı 85 faizi qiymətləndirmədə iştirak etməlidir. Azərbaycanda isə iştirak göstəricisi adətən 95 faizdən yuxarı olur.

"Ölkənin nəticələrinin etibarlı olması üçün ən azı 85 faiz şagirdin iştirak etməsi tələb olunur. Azərbaycanda bu göstərici 95 faizdən yuxarıdır və kifayət qədər yüksəkdir".

Nazir müşaviri əlavə edib ki, PISA-nın, o cümlədən OECD-nin beynəlxalq qiymətləndirmə platformasının işinə ölkə tərəfindən müdaxilə etmək mümkün deyil. 

Şagirdlər qiymətləndirmədə həmin platforma üzərindən iştirak edir, nəticələr isə imtahan başa çatdıqdan sonra mərkəzi məlumat sisteminə ötürülür.

SON DƏQİQƏ! Rusiya bombalanır - Dəhşətli partlayışlar
Son xəbərlərDaha çox