Azedu.az

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

AzEdu Təhsil Platforması

31 Avqust 2026, 17:42
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.

AzEdu.az xəbər verir ki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.

ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.

Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.

Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.

Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyev 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.

Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.

Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

 

Rusiyadan DƏHŞƏTLİ HÜCÜM - Azərbaycanlıların restoranı dağıdıldı
Son xəbərlərDaha çox