Azedu.az

Qarabağ gəncləri üçün 5 günlük düşərgə təşkil olunub

AzEdu Təhsil Platforması

31 Avqust 2026, 14:10
Qarabağ gəncləri üçün 5 günlük düşərgə təşkil olunub

20 Qarabağ gənci liderlik, karyera, layihələrin idarə edilməsi və iqtisadi maarifləndirmə üzrə təlimlərdə iştirak edib.

AzEdu.az xəbər verir ki, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi yekunlaşıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində 20 Qarabağ gənci 5 gün ərzində Göygöl Olimpiya İdman Kompleksində bir araya gəlib. Düşərgənin əsas məqsədi gənclərin liderlik və komanda quruculuğu bacarıqlarının, karyera və layihə idarəetməsi üzrə biliklərinin inkişaf etdirilməsi, məşğulluq və şəxsi inkişaf imkanları barədə məlumatlılığının artırılması olub.

Düşərgənin ilk günündə iştirakçılar tanışlıq və komanda oyunlarında iştirak etdikdən sonra təlimçi İlham Əhmədovun keçirdiyi “Komanda quruculuğu” və “Layihələrin idarə edilməsi” mövzularında təlimlərə qatılıblar. Sessiyalar zamanı gənclərə komanda daxilində effektiv əməkdaşlıq, vəzifə bölgüsü, məqsədlərin müəyyənləşdirilməsi və layihələrin idarə olunması ilə bağlı praktiki biliklər təqdim olunub.

Proqramın növbəti günündə gənclər Dövlət Məşğulluq Agentliyinin Qazax–Tovuz Regional Məşğulluq filialının müdir müavini Alı Hacıyevlə görüşüblər. Görüş zamanı məşğulluq imkanları, əmək bazarının tələbləri və gənclərin karyera inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Günün davamında iştirakçılar Şəmkir Aqroparkına ekskursiya edərək müəssisənin fəaliyyəti, istehsal prosesi, innovativ yanaşmalar və müasir kənd təsərrüfatında tətbiq olunan texnologiyalarla tanış olublar. Ekskursiya gənclərə nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirmək imkanı yaradıb.

Düşərgənin üçüncü günündə təlimçi Mübariz İmanov tərəfindən “Karyera planlaması” mövzusunda təlim keçirilib. Gənclər karyera məqsədlərinin müəyyənləşdirilməsi, peşəkar inkişaf istiqamətlərinin seçilməsi və gələcək fəaliyyət planlarının hazırlanması ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər. Gün ərzində iştirakçılar komandalara bölünərək hazırladıqları işləri təqdim ediblər.

Layihənin son günündə Mübariz İmanov və Məleykə Tağızadənin iştirakı ilə gənclərin şəxsi inkişafına həsr olunmuş sessiyalar təşkil olunub. Daha sonra iştirakçılar Şəhidlər Xiyabanını və Göygöl Milli Parkını ziyarət ediblər.

Düşərgənin yekun hissəsində isə gənclər layihə yazılmasının əsas mərhələləri ilə tanış olub, qruplar şəklində hazırladıqları layihələri təqdim ediblər. Beləliklə, iştirakçılar düşərgə müddətində əldə etdikləri bilikləri praktiki tapşırıqlar vasitəsilə tətbiq etmək imkanı qazanıblar.

Layihənin əsas məqsədi Qarabağ gənclərinin liderlik potensialının üzə çıxarılması, vətənpərvərlik ruhunun gücləndirilməsi, məşğulluq və şəxsi inkişaf imkanları barədə məlumatlılığın artırılması, həmçinin icma quruculuğu və layihələrin hazırlanması sahəsində praktiki bacarıqlarının inkişaf etdirilməsidir.

Layihənin sonunda iştirakçılara düşərgədə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.

Əliyev-Paşinyan görüşündəki GİZLİ DETALLAR - Diqqətçəkən məqamlar
Son xəbərlərDaha çox