Azedu.az

Hüquqşünaslıqda hamını təəccübləndirən nəticə - Prestijli ixtisasın balı niyə ENDİ?

AzEdu Təhsil Platforması

27 Avqust 2026, 09:06
Hüquqşünaslıqda hamını təəccübləndirən nəticə - Prestijli ixtisasın balı niyə ENDİ?

İxtisas seçimi nəticələri artıq məlumdur. Seçim mərhələsindən əvvəl III ixtisas qrupunda rəqabətin xüsusilə yüksək olacağı gözlənilirdi.

Maraqlıdır, III qrupun ən çox tələb görən ixtisaslarından olan Hüquqşünaslıq üzrə keçid balları bu il necə dəyişib? Ötən illə müqayisədə artım hansı həddə olub və bu ixtisasa maraq hələ də yüksək olaraq qalırmı?

AzEdu.az-a mövzu ilə bağlı "İlin gənc müəllimi", repetitor Xəzri Muradov danışıb. 

1421804

O, bildirib ki, valideynlərin “hüquqşünaslıq ağır sahədir”, “bu peşədə işləmək çətindir” kimi fikirlərlə və ya digər sosial amillərlə övladlarının ixtisas seçiminə təsir göstərməsi də Hüquqşünaslıq üzrə ümumi rəqabətə müəyyən qədər təsir edə bilər:

"İxtisas seçiminin nəticələri göstərdi ki, III ixtisas qrupunda hüquqşünaslıqla bağlı əvvəlcədən səsləndirilən “çox ciddi bal artımı olacaq” proqnozu özünü tam doğrultmadı. Əksinə, 2025/2026-cı tədris ili üzrə bəzi aparıcı ali məktəblərdə hüquqşünaslıq ixtisasının keçid balında azalma oldu.  

Mən seçimlərdən əvvəl də hüquqşünaslıq üzrə balların təxminən 10-12 bal aşağı düşə biləcəyini ehtimal edirdim. Nəticələr göstərdi ki, xüsusilə bəzi universitetlərdə bu proqnozdan da böyük dəyişiklik baş verib.
Bəs bunun səbəbi nədir?

İlk növbədə, keçid balı həmin ixtisasa olan ümumi marağı deyil, konkret ildə plan yerləri, abituriyentlərin topladığı ballar və seçim davranışlarının yaratdığı rəqabəti əks etdirir. Buna görə hüquqşünaslığın keçid balının aşağı düşməsi heç də bu ixtisasa marağın bitməsi anlamına gəlmir.

Əksinə, hüquqşünaslıq hələ də III qrupun ən çox arzulanan və prestijli istiqamətlərindən biridir. DİM-in əvvəlki qəbul statistikalarında da hüquqşünaslığın yüksək rəqabətli ixtisas olduğu görünür. Məsələn, 2024-cü il üzrə Qarabağ Universitetinin hüquqşünaslığı III qrupda abituriyentlərin ən çox üstünlük verdiyi dövlət sifarişli ixtisas kimi göstərilib və həmin ixtisası ərizəsində ilk yerdə qeyd edənlərin sayı 963 nəfər olub".

Hüquqşünaslıq hələ uzun illər III qrupun ən çox tələb görən ixtisaslarından biri olaraq qalacaq:

“Bu gün də hüquqşünaslıq öz cazibəsini qoruyur. Sadəcə, hər yüksək bal toplayan abituriyentin mütləq hüquqşünaslığı seçməsi kimi bir qayda yoxdur. Abituriyentlərin seçimində universitetin yerləşdiyi şəhər, təhsil forması, dövlət sifarişi və ödənişli yerlərin nisbəti, gələcək karyera imkanları, eləcə də ailənin yanaşması rol oynayır.

Burada başqa bir sosial faktor da var. Təəssüf ki, bəzi hallarda, xüsusilə qız abituriyentlərin hüquqşünaslıq ixtisasını seçməsinə ailə tərəfindən tərəddüdlə yanaşıldığı hallara rast gəlirik. Bu, ilk baxışdan qəribə görünə bilər, amma real seçim prosesində belə nümunələr mövcuddur. Valideynlərin “hüquqşünaslıq ağır sahədir”, “bu peşədə işləmək çətindir” və ya digər sosial səbəblərlə övladlarının seçimlərinə təsir göstərməsi də ümumi rəqabətə müəyyən dərəcədə təsir edə bilər.

Digər mühüm məqam isə xüsusi təyinatlı ali təhsil müəssisələridir. Məsələn, DİN-in Polis Akademiyasına 2026-cı il üçün III qrup üzrə “Hüquqşünaslıq” ixtisasına 500 kursant qəbulu nəzərdə tutulmuşdu. Bu cür ayrıca qəbul imkanlarının olması da yüksək bal toplayan müəyyən sayda abituriyentin ümumi hüquqşünaslıq ixtisasları üzrə seçim davranışına təsir göstərə bilər. Ona görə hesab edirəm ki, bu il hüquqşünaslıq üzrə keçid balının aşağı düşməsini “bu ixtisasa maraq azalıb” kimi qiymətləndirmək doğru olmaz.

Hüquqa maraq qalır. Prestij qalır. Rəqabət də qalır. Sadəcə, rəqabətin istiqaməti dəyişir.

Əslində, bu nəticə bizə bir daha göstərir ki, keçid balını yalnız ixtisasın nüfuzu ilə proqnozlaşdırmaq mümkün deyil. Bəzən plan yerlərindəki dəyişiklik, abituriyentlərin universitetlər arasında bölüşdürülməsi, xüsusi təyinatlı ali məktəblərə yönələn yüksəkballı abituriyentlər və ailələrin seçimə müdaxiləsi kimi amillər nəticəni əhəmiyyətli dərəcədə dəyişə bilir.

Mənim fikrimcə, hüquqşünaslıq hələ uzun illər III qrupun ən çox tələb görən ixtisaslarından biri olaraq qalacaq. Sadəcə, “hüquqşünaslıq prestijlidir, deməli, balı hər il mütləq qalxmalıdır” yanaşması düzgün deyil.

Çünki keçid balı ixtisasın nüfuzunun göstəricisi yox, həmin ilki müsabiqənin nəticəsidir. Bu ilki nəticələr də bunu çox aydın şəkildə göstərdi".

Rusiyadakı azərbaycanlıların DİQQƏTİNƏ! Putin pulunuza əl qoyacaq...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox