Azedu.az

"Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir"

AzEdu Təhsil Platforması

22 İyun 2026, 21:15
"Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir"

“Düşünürəm ki, Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir”

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

-Sizin özünüzün təhsil sahəsində qane olmadığınız hansı məqamlar var? Yaxud həllinə çalışdığınız, amma mümkün olmayan hansı problemlər gündəliyinizdədir?

"Məsələn, 10 il, hətta 15 il geriyə baxsaq və media monitorinqi aparsaq görərik ki, problem nədən ibarət idi. Problem o idi ki, biz 9-cu sinifdə uşaqlara baxırdıq. Başa düşürdük ki, hansısa mənzərə yaranıb, bu qədər uşaq oxuyub, bu qədər uşaq oxumayıb. Sonra qarşılıqlı qınağa keçirdik ki, bunun günahkarı kimdir. Bir il keçirdi, eyni sualı yenidən verirdik. Sonra yenə təkrar edirdik və s. Bunun kökü məktəbəqədər və ibtidai təhsildir. Əgər biz məktəbəqədər təhsilin və ibtidai təhsilin keyfiyyətini artıra bilsək, düşünürəm ki, uzunmüddətli perspektivdə təhsilin növbəti pillələrində də dayanıqlı nəticələr əldə edəcəyik. Ona görə də, IV və VI siniflərdə bütün uşaqları monitorinq edirik. Hər il 1-2 faiz daha yaxşı nəticə əldə etməyə çalışırıq.

İndi isə biz, az qala, müəllimdən magistr təhsili tələb edirik. Tələblərimiz də günü-gündən artır. Mən, həqiqətən də, düşünürəm ki, Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir. Onlarla əməkdaşlıq etmək, müəllimlərin ehtiyaclarını anlamaq vacibdir. Çünki sinif otağında uşağa dərs deyən müəllimdir. Bu istiqamətdə daha yaxşı tədris edən, tədrisi daha yaxşı təşkil edən müəllimlərimizin sayının artması təhsilin uzunmüddətdə daha yaxşı olmasını təmin edəcək. Yaxşı müəllimlər yalnız öz fənnini bilən müəllimlər deyil. Yaxşı müəllim həm də əməkdaşlıq edə, yaxşı qiymətləndirə bilən müəllimdir. Yaxşı qiymətləndirən müəllim yüksək qiymət yazan müəllim deyil. Yaxşı müəllim şagirdlə geri dönüş edib onun boşluqlarını izah edən müəllimdir. Soruşsanız ki, biz nəyi dəyişməliyik, məncə, qiymətləndirmədə əsaslı dəyişikliklərimiz olmalıdır. Müəllimlərimizin uşaqlara hansı sualları verməsi, bizim özümüzün müəllimlərin işə qəbulunda hansı suallardan istifadə etməyimiz olduqca vacib məsələdir. Hələ ki bu günün bacarıqlarını ölçən sualların hazırlanmasında problemlərimiz var. Hələ də, məsələn, insanın oxu bacarığını yaxşı ölçən sual yaza bilmirik, yaxud az yazırıq. Məsələn, riyaziyyatdan riyazi təfəkkürü ölçən sual yazmaq daha çətindir, yaxud tarixdən düşüncə tərzini müəyyən edən sual hazırlamaq daha çətindir, nəinki hansısa tarixi hadisənin nə vaxt baş verdiyini soruşmaq. Mənə görə gələcəyin standartları yalnız suallara cavab verməklə bağlı olmayacaq, daha çox hansı sualları soruşmaqla bağlı olacaq".

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox