“Əgər ucuz və keyfiyyətli kadr hazırlığı üsulunu tapsaq, bütün dünya bizə müraciət edər”
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
-Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi də əksini tapacağı bildirilirdi. Bununla bağlı vəziyyət nə yerdədir?
"Birinci məsələ budur ki, təqribən tələbə kontingentinin üçdə ikisi Bakı şəhərində və yaxud onun ətrafında, üçdə biri Bakıdan kənardadır. Son illər tələbələrin sayı artmaqdadır, çünki ali təhsil daha əlçatandır, qəbul planlarımız artır. Biz daha çox şəxsin ali təhsilli olmasının tərəfdarıyıq. Birmənalı olaraq Bakıdan kənarda olan universitetlərimizdə say etibarilə artım var. Bunun mütləq köçürmə üsulu ilə deyil, həm də başqa məsələlərlə həllinə baxmalıyıq. Köçürməkdən daha çox tələbə kontingentinin sayını azaldıb keyfiyyətin artırılması istiqamətində işləməliyik və bu istiqamətdə işimiz artıq 2 ildir davam edir. Azərbaycanda bir tələbənin təhsil haqqı digər yerlərlə müqayisədə çox aşağıdır. Məsələn, şərti olaraq, biz 2000 manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, bu çox çətin bir işdir. Təbii ki, tələbə üçün bu nə qədər ucuz olsa, o qədər yaxşıdır. Amma bir şeyi unutmamalıyıq ki, bu nə qədər ucuz olsa, o qədər keyfiyyətsizdir. Əgər ucuz və keyfiyyətli kadr hazırlığı üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Ya ucuz və keyfiyyətsiz olacaq, ya da çalışmalıyıq ki, yavaş-yavaş keyfiyyəti qaldırmaq üçün maliyyələşməni artıraq. Bu istiqamətdə SABAH qrupları vacib həll yolu olur. SABAH qruplarında dövlət sifarişi üzrə iki qat maliyyə ayırırıq ki, keyfiyyət artsın. Kəmiyyət artanda keyfiyyəti artırmaq çətindir. Bir çox hallarda kəmiyyət artırsa, keyfiyyət aşağı düşəcək. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə saylarının artırılması həmin ali təhsil müəssisələrində, əslində, keyfiyyətin azalması deməkdir. Ola bilər ki, onların başqa yolu olmayıb, bu, ayrı məsələdir. Çünki siz əgər təhsil haqqını artıra bilmirsinizsə, sayı da artıra bilmirsinizsə, onda büdcəniz artmır. Büdcəniz artmırsa, inkişaf edə bilmirsiniz. Anlayıram ki, bu ağrılı mövzudur, amma burada real olaraq başqa həll yolu yoxdur. Yəni başqa həll yolu varsa, biz onu dinləməyə hazırıq. Bu mənada bizim hal-hazırda həyata keçirdiyimiz islahat nədən ibarətdir? Necə edək ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini qaldıraq? Eyni zamanda şəhərdə sıxlığa təsir etməmək üçün, regional universitetləri inkişaf etdirək və tələbələrin daha çox regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yaxşı təhsil vermək mümkündürmü? Bəli. Hətta bəzi xüsusiyyətlərə görə regionlarda vəziyyət daha yaxşıdır. Elə region universitetlərimiz var ki, onların təhsil keyfiyyəti bir sıra Bakıda yerləşən ali təhsil müəssisələrindən daha yaxşıdır. Ümumiyyətlə, regionlarda daha çox tələbə, Bakı şəhərində isə nisbətən daha az tələbə ssenarisinə qəbul planlarını və qəbul yerlərini tənzimləmək yolu ilə getməyi daha real hesab edirəm. Bu o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq. Təbii ki, müvafiq qərarlar olarsa, regionlarda yeni ali təhsil müəssisələrinin açılması da nəzərdə tutula bilər".