Azedu.az

"Uşaqların 85 faizdən çoxu məktəbəhazırlıq mərhələsindən keçib"

AzEdu Təhsil Platforması

22 İyun 2026, 21:02
"Uşaqların 85 faizdən çoxu məktəbəhazırlıq mərhələsindən keçib"

“Çox yaxşı haldır ki, bu gün uşaqların 85 faizdən çoxu məktəbəhazırlıq mərhələsindən keçib”

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

-Hazırda Azərbaycanda məktəbəqədər təhsildə həm əlçatanlıq, həm də keyfiyyət baxımından ciddi fərqlər qalmaqdadır – dövlət bağçalarında yerlər çatmır, özəl bağçalar isə bir çox ailə üçün əlçatmazdır. Nazirlik bu sahədə problemləri aradan qaldırmaq üçün hansı konkret və ölçülə bilən hədəflər qoyub?"

" Bu istiqamətdə son illərdə bir neçə vacib addım atılıb. 2016-cı ildən başlayaraq məktəbəhazırlıq qrupları təşkil olunub. Çox yaxşı haldır ki, bu gün uşaqların 85 faizdən çoxu, bəzi hallarda isə 90 faizə yaxını, heç olmasa, bir il məktəbəhazırlıq mərhələsindən keçib. Bu, Azərbaycan təhsil sistemi üçün yenidir. Bunun nəticələrini gələcək illərdə görəcəyik. Ümid edirik ki, nəticələr müsbət olacaq. Bilirsiniz ki, kiçik kəndlərdə icma əsaslı məktəbəqədər hazırlıq təşkil olunur. Bu təşəbbüs də özünü doğruldur. Uşaq üç yaşından etibarən ailəsi ilə birlikdə məktəbəqədər təhsilə başlamaq imkanı əldə edir. Bu tədris ilindən çox vacib bir islahata – dövlət-valideyn tərəfdaşlığı əsasında bir model seçmişik. Bu model özəl sektora hər bir uşaq üçün vauçer verilməsidir. Bura çox ciddi maraq var. İnanıram ki, bu, gələcəyin modelidir. Çünki bu model həm özəl sektoru inkişaf etdirir, həm yeni iş yerləri yaradır. Eyni zamanda uşaqlar üçün yeni yerlər açılır, həm də anaların işləməsi üçün imkan yaradır. Təbii ki, maliyyə tərəfini həll edə bilsək, bu təşəbbüsün müsbət tərəflərinin çox olduğunu düşünürəm. Həmçinin ucqar ərazilərdə müxtəlif səyyar məktəbəqədər təhsil fəaliyyəti təşkil olunur. Bütün bu təşəbbüslərlə 1–5 yaşlı uşaqların 40 faizdən çoxunu məktəbəqədər təhsilə cəlb etməyə nail olmuşuq. Yaxın illərdə bu göstəricinin 50 faizə çatmasını hədəfləyirik. 10 il əvvəl bu göstərici cəmi 11–12 faiz idi. Mən inanıram ki, bu istiqamətdə uğurlarımız davamlı olacaq".

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox