"Təhsilin ən vacib istiqamətlərindən biri şagirdlərin və ümumiyyətlə təhsil alanların daim hər şeyi sorğulamağı, düşünməyi, suallara cavab axtarmağı və tədqiqat aparmağı olmalıdır".
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
-Dünya praktikasına baxanda fərqli bir tablo var. Finlandiya kimi ölkələr ev tapşırığını minimuma endirərək yüksək nəticə əldə edir. Azərbaycanda bu modeli tətbiq etmək mümkündür?
"Bu yalnız ev tapşırıqlarının sayını azaltmaqla həll olunan məsələ olsaydı, bütün ölkələr ev tapşırıqlarını azaldıb təhsil nailiyyətləri əldə edərdi. Yəni məsələ bu qədər sadə olsaydı, yəqin ki, kimsə bunu fikirləşib tətbiq edərdi. Əmin olun ki, bu belə deyil. Elə ölkələr var ki, orada ev tapşırıqları daha çoxdur və həmin ölkələrin nailiyyətləri az deyil. Məsələn, Şərqi Asiya ölkələri. Sual bundan ibarət olmalıdır ki, Azərbaycan kontekstində nə qədər ev tapşırığı uyğundur? Bununla bağlı Nazirliyin tövsiyələri var. Məsələn, birinci sinifdə ev tapşırığı üçün ayrılan vaxt bir saat olmalıdır. Bu tövsiyələr hazırlanarkən uşağın fiziki yorğunluğu, öyrənmə xüsusiyyətləri, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınır. Bu təkcə nazirliyin işi deyil. Bizdə fikir çoxdur, amma tədqiqat görməmişəm. Ciddi statistik təhlil aparılmalıdır. Məsələn, 10 yaşlı azərbaycanlı uşağa 2 saat ev tapşırığı verməklə 2 saat yarım ev tapşırığı vermək arasında ciddi fərq var, yoxsa yox? Sualın cavabı budur ki, heç kim bilmir. Çünki rəylər müxtəlifdir. Nazirlik özü tədqiqat aparan qurum deyil. Biz mərkəzi icra hakimiyyəti orqanı olaraq tənzimləyici qurumuq. Bunu təşviq etməliyik və edirik. Nazirlik dəstək verməyə hazırdır. Sadəcə, düzgün metodoloji tədqiqat aparılmalıdır. Əgər tədqiqat düzgün aparılmasa, ciddi səhvlər edə bilərik. Hazırda biz bu problemi necə həll edirik? Məcburuq ki, digər ölkələrdə, xüsusilə də bizə oxşar ölkələrdə aparılmış tədqiqatlara istinad edək. Təhsilin ən vacib istiqamətlərindən biri şagirdlərin və ümumiyyətlə təhsil alanların daim hər şeyi sorğulamağı, düşünməyi, suallara cavab axtarmağı və tədqiqat aparmağı olmalıdır. Məsələn, sərbəst yazılar, düşünməyə sövq edən tapşırıqlar daha vacibdir. Yəni “uşaq üç saat yox, iki saat məşğul olsa daha yaxşı olar?” sualına universal cavab yoxdur. Daha çox məzmuna fokuslanmalıyıq".