Azedu.az

Tədris, yoxsa izləyici sayı... - müəllimlər sosial şəbəkədə “qırmızı xətti” pozur?

Müəllimlər və elm adamları

8 İyun 2026, 12:59
Tədris, yoxsa izləyici sayı... - müəllimlər sosial şəbəkədə “qırmızı xətti” pozur?

Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Müəllimlər də bu platformalardan istifadə edərək öz təcrübələrini paylaşır, dərs materialları təqdim edir və şagirdlərlə əlaqə saxlayırlar. Lakin sosial şəbəkələrdə fəaliyyət həm faydalı, həm də risklidir. Müəllimlər peşəkar etika və şəxsi həyat arasında balansı qoruyaraq “qırmızı xətti” keçməməlidirlər. 

Maraqlıdır, müəllimlər sosial şəbəkədə hansı hallarda qırmızı xətti keçmiş sayılır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Binəqədi rayon 298 nömrəli tam orta məktəbin STEAM və Coğrafiya müəllimi, "Örnək müəllim" Tuqay Rzazadə qeyd edib ki, müəllimlərin sosial şəbəkələrdə paylaşımları bu gün dünyanın bir çox ölkələrində ən çox müzakirə olunan təhsil mövzularından biridir:

184693

"ABŞ, Kanada, Avstraliya və digər ölkələrdə müəllimlərin sosial media fəaliyyətləri ilə bağlı mübahisələr, intizam araşdırmaları, işdən uzaqlaşdırılma halları və hüquqi müzakirələr tez-tez gündəmə gəlir. Təhsil ekspertləri qeyd edirlər ki, müəllimlərin ifadə azadlığı ilə peşəkar məsuliyyətləri arasındakı balans müasir təhsil siyasətinin əsas müzakirə mövzularından birinə çevrilib.

Qardaş Türkiyədə Təhsil Nazirliyi məktəb və müəllimlərin sosial media fəaliyyətinə dair xüsusi təlimatlar hazırlayıb, şəxsi məlumatların qorunmasına və peşəkar davranışa xüsusi diqqət yetirir. Digər qonşumuz Gürcüstanda isə bir çox təhsil müəssisələri müəllimlərdən sosial şəbəkələrdə peşəkar davranmağı, şagirdlərlə şəxsi hesablardan əlaqə qurmamağı və məktəbin nüfuzuna xələl gətirə biləcək paylaşımlardan çəkinməyi tələb edir.

Azərbaycanda müəllimlərin sosial şəbəkələrdə davranışı ayrıca qanunla deyil, əsasən etik davranış qaydaları ilə tənzimlənir. 2014-cü ildə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın əsas məqsədlərindən biri müəllim nüfuzunun, təhsil müəssisəsinə ictimai etimadın və peşəkar davranış standartlarının qorunmasıdır.

2024-cü ildə təsdiqlənmiş “Təhsilverənlərin etik davranış qaydaları”nda isə məsələ daha konkret ifadə olunub. Sənədə əsasən, təhsilverən mediada və sosial şəbəkələrdə çıxışları zamanı çalışdığı təhsil müəssisəsinin müəyyən etdiyi qaydalara əməl etməli, peşənin nüfuzuna xələl gətirə biləcək davranışlardan çəkinməlidir".

"Bütün bu rəsmi çərçivələrə baxmayaraq, demək olar ki, hər gün sosial şəbəkələrdə bəzi müəllimlərin bu qaydaları pozduğunun şahidi oluruq",- deyə müəllim fikrinə əlavə edib:

"Nəzərə alsaq ki, Azərbaycan hələ də keçid dövrünü yaşayan bir ölkədir və təxminən 70 il SSRİ-nin tərkibində olub, bu vəziyyət təhsil sahəsində də fərqli baxışların formalaşmasına səbəb olub. Bir tərəfdə əsasən yaşlı nəslin nümayəndələrindən ibarət, sovet təhsil sisteminin təsiri altında formalaşmış daha konservativ düşüncəli insanlar, digər tərəfdə isə müasir tendensiyaları izləyən, daha açıq düşüncəyə malik gənc nəsil dayanır.

Müşahidələr göstərir ki, müəllimlərin sosial şəbəkələrdəki fəaliyyətini tənqid edən və bunu təhsil-tərbiyə prosesinə mənfi təsir kimi qiymətləndirənlərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir.Məndən soruşsalar ki, hansı tərəfi dəstəkləyirəm, cavabım belə olar: ən doğru yanaşma qızıl balansın qorunmasıdır.Hesab edirəm ki, müəllimin hər gün və ya həftədə bir neçə dəfə şagirdləri ilə birlikdə videolar paylaşması onun peşəkar nüfuzuna müəyyən dərəcədə xələl gətirə bilər. Bu zaman cəmiyyətdə haqlı olaraq belə suallar yaranır:

Bu qədər video çəkən müəllim bunu hansı vaxtda edir? Bu qədər video hazırlayan müəllimin dərs keçmək üçün kifayət qədər enerjisi və zamanı qalırmı? Çünki heç kimə sirr deyil ki, hətta qısa bir videonun hazırlanması, çəkilməsi və montajı belə bir neçə saat vaxt tələb edir. Digər vacib məsələ isə müəllimlərin sosial şəbəkələrdən istifadə zamanı etik prinsiplərə riayət etməsidir. Təəssüf ki, son dövrlərdə bəzi hallarda "müasirlik" adı altında bu prinsiplərin pozulduğunu müşahidə edirik.

Müəllim öz davranışı ilə cəmiyyətə, xüsusilə də şagirdlərə nümunə olmalıdır. Müəllimin etik çərçivələrdən kənara çıxması gec-tez onun bəzi şagirdlərinin davranışında da öz əksini tapa bilər. Əgər müəllim şəxsi həyatı ilə bağlı, peşə etikası ilə tam uyğun gəlməyən paylaşımlar etmək istəyirsə, iki ayrı profil istifadə etməsi daha məqsədəuyğun görünür: biri ictimaiyyət üçün açıq, digəri isə yalnız yaxın dostlar və ailə üzvləri üçün.

Müəllimlərin şagirdlərlə bağlı hansı məlumatları paylaşa biləcəyi məsələsi isə hələ də ən mübahisəli mövzulardan biridir. Bu sahədə konkret və əhatəli normativ çərçivənin olmaması səbəbindən əsas qərarverici tərəf ilk növbədə valideynlər, daha sonra isə müəllimlər olur. Yekunda bütün müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıram. Fikirlərimi dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur misraları ilə bitirmək istərdim:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

Bu misralar bizə xatırladır ki, hər bir yaxşı işdə olduğu kimi, sosial şəbəkələrdən istifadədə də ölçü və tarazlıq vacibdir".

TƏCİLİ! İranla Rusiya BOMBALANIR - Ermənistanda isə...
Son xəbərlərDaha çox