https://www.zirve.edu.az/
21.01.2019 15:30
"“Nəsimi dil araşdırmaları qrupu” yaradılacaq" - İnstitut direktoru

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu “Nəsimi ili”ndə hansı işlərin görüləcəyini açıqlayıb.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, institutun direktoru Möhsün Nağısoylu deyib ki, 2019-cu ilin “Nəsimi” ili elan olunması olduqca əlamətdar və təqdirəlayiq bir hadisədir: “Bu, ölkə rəhbərliyimizin, elm, mədəniyyət və incəsənət xadimlərinə, dilimizə ədəbiyyatımıza verdi böyük dəyərin ən bariz nümunəsidir. Bu, bir ənənənin davamıdır. Bu ənənənin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevqoyub. Məhz Heydər Əlliyevin vaxtında İmadəddin Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirlər planına daxil edilib və ölkəmizdə geniş miqyasda qeyd edilib. Həmin tədbirlər çərçivəsində İmadəddin Nəsiminin əsərləri nəşr olunub, xarici dillərə tərcümə olunub. 1973-cü ildə Akademiyanın Dilçilik institutuna Nəsiminin adı verilib. 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldılıb. İmadəddin Nəsimi haqqında film çəkilib. Bütün bunlar ulu öndərin bizim ədəbiyyatımıza nə dərəcədə böyük dəyər verdiyinin əyani sübutudur. Ölkə prezidenti İlham Əliyev də eyni ənənəni davam etdirir”.

Alim xatırladıb ki, bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyidir: “O, 1369-cu ildə anadan olub. İmadəddin Nəsimi 3 dildə əsərlər yazıb, amma ona dünya şöhrəti gətirən ana dilində yazdığı şeirləridir. Nəsimi Azərbaycan ədəbiyyatında fəlsəfi şeirin, fəlsəfi qəzəlin əsasını qoyub. Onun ən böyük xidmətlərindən biri Azərbaycan milli ədəbi dilini zənginləşdirməsi olub. Onun dilini bugünkü oxucu da rahat başa düşür”.

M.Nağısoylu deyib ki, müvafiq sərəncamdan sonra Dilçilik İnstitutu Nəsiminin bütün şeirlərinin sözlüyünü, yəni lüğətini hazırlamağa başlayıb: “Əvvəlcə biz elektron lüğət hazırlamağı düşünürük. Gələcəkdə isə kitab şəklində çap olunacaq. Nəsiminin haqqında ayrıca araşdırmalar toplusu nəşr etdirmək istəyirik. Nizami adına Ədəbiyyat institutu ilə bir yerdə “Nəsiminin söz dünyası, poetik dili, ədəbi irsi” adlı beynəlxalq konfrans keçirilməsi düşünürük. Konfransda həm ədəbiyyat, həm də dil məsələləri işıqlandırılacaq. Bu Nəsiminin təbliğinə böyük tövhə olacaq”.

Direktorun sözlərinə görə, institutda ədəbi dil tarixi şöbəsinin yanında “Nəsimi dil araşdırmaları qrupu” yaradılması nəzərdə tutulub: “Bu qrup Nəsiminin dilini hərtərəfli araşdıracaq. Həmçinin, İmadəddin Nəsiminin əsərlərinin yeni akademik nəşrinə ehtiyac var. Akademik nəşrlə birgə elmi-tənqidi mətnini də hazırlamaq olar”.

M.Nağısoylu qeyd edib ki, alimlərin Nəsimi irsinin təbliği ilə bağlı Azərbaycan rayonlarına səfəri nəzərdə tutulur: “Rayonlardadkı univesitetlərin filiallarında çıxışlar edəcəyik. Nəsiminin irsi ilə bağlı araşdırmalar aparan müəlliflər var. Həmin alimlərin rayonlara səfər etməsi olduqca vacibdir. Hətta növbəti tədris ilində ilk dərs gününün ilk dərsi İmadəddin Nəsimi yaradıcılığına həsr oluna bilər”.