Nadir hallarda müşahidə olunan “99942 Apophis” adlı asteroid 2029-cu ildə Yerə çox yaxın məsafədən keçəcək.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 340 metr diametrə malik olan göy cismi 13 aprel 2029-cu il tarixində Yerə təxminən 32 min kilometr məsafəyə qədər yaxınlaşacaq.
Mütəxəssislərin bildirdiyinə görə, bu qədər yaxın keçid yalnız bir neçə min ildən bir baş verən nadir astronomik hadisələrdən biridir. Hadisə zamanı asteroid Şərq Yarımkürəsində çılpaq gözlə də müşahidə oluna biləcək.
2004-cü ildə kəşf edilən Apophis ilkin mərhələdə narahatlıq yaratsa da, NASA-nın son hesablamalarına görə asteroidin ən azı növbəti 100 il ərzində Yerə toqquşma riski mövcud deyil.
Astronomlar bu yaxın keçidi asteroidin fiziki quruluşu və xüsusiyyətlərinin öyrənilməsi baxımından nadir imkan kimi dəyərləndirirlər.
NASA-nın “OSIRIS-APEX” və Avropa Kosmik Agentliyinin “Ramses” missiyalarının da bu keçiddən sonra asteroid üzərində geniş tədqiqatlar aparacağı bildirilir.