Bu gün -15 aprel tarixində dünyanın bir çox ölkəsində Dünya İncəsənət Günü qeyd edilir. Günün əsas məqsədi incəsənətin cəmiyyətdəki rolunu vurğulamaq, mədəniyyətlərarası dialoqu gücləndirmək və yaradıcılığı təşviq etməkdir.
AzEdu.az xəbər verir ki, bu əlamətdar tarixin seçilməsi təsadüfi deyil. 15 aprel dünya şöhrətli italyan rəssamı, mütəfəkkir və alim Leonardo da Vinçinin doğum günüdür (1452).
İntibah dövrünün bu dahi simasının doğum günü yaradıcılığın, elmin və sənətin vəhdəti olaraq qəbul edilib. Bayram ilk dəfə Beynəlxalq Rəssamlar Assosiasiyası tərəfindən təklif olunub, daha sonra isə UNESCO tərəfindən beynəlxalq səviyyədə təsdiqlənib.

Dünya İncəsənət Günü münasibətilə bir çox təhsil müəssisələrində xüsusi layihələr həyata keçirilir. Şagirdlərə adi akademik dərslər əvəzinə rəsm çəkmək, əl işləri hazırlamaq və sərbəst yaradıcılıqla məşğul olmaq imkanı yaradılır.
Bəzi məktəblərdə təşkil olunan “şagird sərgiləri” uşaqların öz bacarıqlarını nümayiş etdirməsi üçün mühüm platformaya çevrilir. Bu, şagirdlərə həm ilk sərgi həyəcanını yaşadır, həm də onlarda özünəinam hissini artırır.

Eyni zamanda, müasir təhsil metodlarına uyğun olaraq, müəllimlər bir çox fənləri incəsənət vasitəsilə izah edirlər. Riyaziyyatın həndəsi fiqurları rəsm vasitəsilə, tarix və ədəbiyyat mövzuları isə teatr elementləri və musiqinin müşayiəti ilə təqdim olunaraq dərsləri şagirdlər üçün daha maraqlı və yadda qalan edir.