Türkiyənin Samsun şəhərində yaşayan 74 yaşlı Ahmet Çilek, İngiltərədə yaşayan nəvəsi ilə daha yaxşı ünsiyyət qurmaq məqsədilə ingilis dili öyrənməyə başlayıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun nəvəsi 8 yaşlı Jaime Lus türk dilini çox az bildiyi üçün baba ilə nəvə arasında ünsiyyət çətinləşib.
Hazırda başlanğıc səviyyədə olan baba, dili öyrənərək nəvəsi ilə rahat danışmağı hədəfləyir.
Ahmet Çilek bildirib ki, nəvəsinin türk dilini öyrənməsini gözləmək əvəzinə özü ingilis dili öyrənməyə qərar verib. O qeyd edib ki, nəvəsi ilə indiyə qədər yalnız görüntülü danışsalar da, dil baryeri səbəbindən tam anlaşa bilməyiblər.
Çilek ingilis dilini öyrəndikdən sonra nəvəsinə sevgisini ifadə etməyi, həmçinin Türkiyəni ona tanıtmağı planlaşdırır. O, gələcəkdə həm nəvəsi, həm də kürəkəni ilə daha rahat ünsiyyət qurmaq istədiyini vurğulayıb.
