Türkiyənin Şanlıurfa şəhərində yerləşən liseydə baş verən silahlı hücumla bağlı rəsmi açıqlama verilib.
AzEdu.az Türkiyənin Milli Təhsil Nazirliyinə istinadən xəbər verir ki, hadisənin araşdırılması üçün nazirliyin mərkəzi aparatından bir baş müfəttiş və müfəttiş dərhal bölgəyə göndərilib.
Qeyd olunan təhsil müəssisəsində təhlükəsizlik tədbirləri çərçivəsində tədris prosesi müvəqqəti olaraq dayandırılıb və məktəbdə dərslərə 4 gün müddətinə ara verilib.
12:00
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda lisey qarşısında baş verən silahlı insidentlə bağlı yeni məlumatlar ortaya çıxıb.
AzEdu.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, hücumu həyata keçirən şəxsin təxminən 17-18 yaşlarında bir yeniyetmə olduğu iddia edilir.
Hadisə nəticəsində yaralananların sayı 16 nəfərə yüksəlib. Yaralılar arasında 10 şagird və 4 müəllimin olduğu bildirilir.
Son əldə olunan məlumatlara əsasən isə həmin şəxsin hadisədən sonra öz həyatına son qoyduğu deyilir.
11:46
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən bir liseyin qarşısında silahlı insident baş verib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, naməlum silahlı şəxs məktəb binasına daxil olaraq ətrafa təsadüfi atəş açıb.
Qısa müddətdə ərazidə panika yaranıb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.