Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Fizika və kimya kafedrasının təşkilatçılığı ilə keçirilən elmi-metodiki seminar bu dəfə müasir dünyanın ən aktual mövzularından birinə – batareyalar və elektrokimyəvi proseslərə həsr olunub.
AzEdu.az xəbər verir ki, seminarda çıxış edən professor Nəbi Babayev “Elektrokimyəvi proseslər. Qalvanik elementlər. Batareyalar” mövzusunda məruzə ilə çıxış edərək elektrokimyanın gündəlik həyatımızdakı rolunu geniş şəkildə izah edib. Xüsusilə qeyd olunub ki, bu sahə artıq yalnız nəzəri elm deyil, həm də texnologiyanın, enerji təhlükəsizliyinin və ekoloji dayanıqlığın əsas istiqamətlərindən birinə çevrilib.
Seminar zamanı qalvanik elementlərin iş prinsipi sadə və anlaşıqlı formada izah olunub, müxtəlif növ batareyaların quruluşu və tətbiq sahələri barədə məlumat verilib. Bildirilib ki, müasir dövrdə geniş istifadə olunan litium-ion batareyalar yalnız smartfon və noutbuklarda deyil, həm də elektromobillərin əsas enerji mənbəyidir.
Məruzədə xüsusilə elektromobillərin sürətlə yayılması fonunda batareya texnologiyalarının əhəmiyyətinin daha da artdığı vurğulanıb. Qeyd olunub ki, gələcəyin nəqliyyat sistemi məhz enerji saxlama texnologiyalarının inkişafından birbaşa asılıdır. Batareyaların tutumunun artırılması, daha sürətli enerji yığımı və uzunömürlülük kimi məsələlər bu sahədə aparılan elmi tədqiqatların əsas istiqamətlərini təşkil edir.
Professor Nəbi Babayev çıxışında, həmçinin alternativ enerji mənbələri ilə inteqrasiya olunan yeni nəsil batareyaların hazırlanmasının vacibliyinə diqqət çəkib. Günəş və külək enerjisi kimi bərpa olunan mənbələrin effektiv istifadəsi üçün yüksək tutumlu və dayanıqlı enerji saxlanma sistemlərinə ehtiyac olduğu qeyd edilib.
Seminar iştirakçıları mövzu ətrafında fəal müzakirələr apararaq elektromobillərin Azərbaycanda tətbiqi, enerji infrastrukturu və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Mütəxəssislərin fikrincə, bu kimi elmi-metodiki seminarlar yalnız akademik biliklərin artırılmasına deyil, eyni zamanda universitetlərin müasir texnoloji çağırışlara cavab verən kadrlar hazırlamasına mühüm töhfə verir. AzMİU-da keçirilən bu seminar da bir daha göstərdi ki, enerji və nəqliyyatın gələcəyi məhz elm və innovasiyanın inkişafından keçir.