Fransa polisi atasının mikroavtobusa kilidlədiyi doqquz yaşlı oğlanı xilas edib.
AzEdu.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Məlumata görə, qonşular həyətdə park edilmiş nəqliyyat vasitəsindən səs eşidiblər və polisə məlumat veriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildə yorğanın altında halsız vəziyyətdə uzanmış çılpaq bir uşaq aşkar ediblər. Çirkab içində olan oğlan solğun və arıq vəziyyətdə olub. Uzun müddət hərəkətsiz qaldığı üçün yeriməkdə çətinlik çəkib. Uşaq təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən 2024-cü ilin sonunda məktəbə getməyi dayandırıb və o vaxtdan bəri görünməyib.
Oğlanın dediyinə görə, mikroavtobusa kilidlənəndən sonra duş qəbul etməyib və fasiləsiz şəkildə orada saxlanılıb.
Baş vermiş hadisə ilə bağlı uşağın 43 yaşlı atası və onun 37 yaşlı ögey anası saxlanılıblar. Hər ikisi adam oğurluğu və digər cinayət əməllərində ittiham olunurlar.
Məlumata əsasən, ata sevgilisi və iki qızı ilə yaxınlıqdakı evdə yaşayırmış. O, oğlunu guya ruhi xəstəxanaya yerləşdirmək istəyən bir qadından qorumaq məqsədilə mikroavtobusa kilidlədiyini iddia edib.
Ailənin himayəsində olan digər uşaqlar da onlardan alınaraq müvafiq qurumların nəzarətinə verilib.