Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Almatı Menecment Universitetində (AlmaU) səfərdə olub.
AzEdu.az xəbər verir ki, səfər çərçivəsində ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Qazaxıstan tərəfdən görüşdə AlmaU-nun rektoru Timur Buldıbayev, qlobal tərəfdaşlıq üzrə prorektor Şolpan Tazabek və digər nümayəndələr iştirak ediblər.
Görüş zamanı tərəflər arasında təhsil və elmi istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Xüsusilə, birgə beynəlxalq konfransların təşkili, akademik mobillik çərçivəsində tələbə mübadiləsi, birgə elmi araşdırmaların genişləndirilməsi, ikili diplom proqramları və elmi rəhbərlik mexanizmləri, eləcə də SCOPUS bazasına daxil olan jurnallarda birgə məqalələrin dərc olunması imkanları ön plana çıxarılıb.
Görüş tərəflər arasında institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq akademik əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, 1988-ci ildə təsis edilmiş Almatı Menecment Universiteti Qazaxıstanda biznes təhsili sahəsində ilk ali məktəblərdən biri hesab olunur. Universitet hazırda bakalavr, MBA və DBA proqramları üzrə mütəxəssislərin hazırlanmasını həyata keçirir və regionda idarəetmə və biznes təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biri kimi tanınır.