1882-ci ildə alman alimi Robert Koch tərəfindən vərəm mikobakteriyasının aşkar edildiyi 24 mart tarixi sonradan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Ümumdünya Vərəm Günü kimi elan olunub.
AzEdu.az xəbər verir ki, Vərəm dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. Xəstəlik əsasən hava-damcı yolu ilə yayılır və erkən aşkar olunmadıqda müalicəsi çətinləşir, ciddi fəsadlara səbəb olur. Bu baxımdan, vərəm təkcə fərdi deyil, ictimai sağlamlıq problemi hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada milyonlarla insan vərəmdən əziyyət çəkir.
Azərbaycanda da vərəm xəstəliyi ilə mübarizə səhiyyə sisteminin prioritet istiqamətlərindən biridir. Bu sahədə profilaktik tədbirlər həyata keçirilir, erkən diaqnostika və müalicə imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.