Azedu.az

22 mart - Ümumdünya Su Günüdür

Xəbərlər

22 Mart 2026, 09:11
22 mart - Ümumdünya Su Günüdür

1992-ci ildə BMT-nin Ətraf Mühit və İnkişafa dair Konfransında içməli suyun bəşəriyyət üçün əhəmiyyətini vurğulamaq məqsədilə xüsusi bir günün təsis olunması tövsiyə edilmişdir.  

AzEdu.az xəbər verir ki, bu tövsiyəyə əsasən, BMT Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan etmişdir. Həmin vaxtdan etibarən hər il 22 mart bu gün kimi qeyd olunur.

Yer üzündə yaşayan hər bir insan gün ərzində orta hesabla 2-4 litr su istehlak edir. Lakin istifadə olunan suyun böyük hissəsi kənd təsərrüfatı məhsullarının istehsalına sərf olunur. Məsələn, 1 kiloqram ətin istehsalı üçün təxminən 15 000 litr, 1 kiloqram buğda üçün isə 1500 litr su tələb olunur. Buna baxmayaraq, su ehtiyatları dünya üzrə bərabər paylanmamışdır və milyardlarla insan təmiz içməli su çatışmazlığından əziyyət çəkir. XXI əsrdə təmiz su problemi bəşəriyyətin qarşısında duran ən ciddi qlobal məsələlərdən biri hesab olunur.

Azərbaycanın şirin su ehtiyatları, yeraltı sularla birlikdə, illik təxminən 35 km³ həcmində qiymətləndirilir. Yerüstü su ehtiyatlarının təxminən 70 faizi tranzit çayların - Kür, Araz, Qanıx və Samur çaylarının hesabına formalaşır. Əsas su mənbələrimiz olan Kür və Araz çayları qonşu ölkələrin ərazisində müəyyən dərəcədə çirklənməyə məruz qalır ki, bu da suyun keyfiyyətinə təsir göstərir.

Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının təxminən 90 faizi suvarılan torpaqlarda yetişdirilir. Bu baxımdan, ərzaq təhlükəsizliyi birbaşa su ehtiyatlarının vəziyyəti ilə bağlıdır. Eyni zamanda, ekosistemlərin qorunması şərti ilə istifadə oluna bilən su ehtiyatları daha məhduddur. Aparılan tədqiqatlar göstərir ki, qlobal iqlim dəyişiklikləri nəticəsində temperaturun artması və buxarlanmanın güclənməsi gələcəkdə su ehtiyatlarının 20-25 faiz azalmasına səbəb ola bilər. Digər tərəfdən, daşqınlar və sellər də ciddi iqtisadi zərərlər yaradan amillər sırasındadır.

Ekspertlərin rəyinə görə, təmiz və içməli su problemi Azərbaycanın ən aktual ekoloji məsələlərindən biridir.

Azərbaycan Respublikası Prezidentinin əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı sərəncamlarına uyğun olaraq, Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin keyfiyyətli içməli suya çıxışının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Bu çərçivədə müxtəlif regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılmış, minlərlə insanın təmiz su ilə təminatı yaxşılaşdırılmışdır. Hazırda da bu sahədə layihələr davam etdirilir və yeni təşəbbüslər həyata keçirilir.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox