https://www.zirve.edu.az/
08.01.2019 11:08
 "Müəllimə ən aşağı kateqoriyalı insan kimi baxılır" - Millət vəkili

"Müəllimə ən aşağı kateqoriyalı insan kimi baxılır"

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa təhsildə pul, yoxsa insan faktorunun daha çox önəm daşıması məsələsinə münasibət bildirərkən deyib:

"Təhsilə ayrılan maliyyə vəsaiti çox azdır. Müəllimə bu cəmiyyətdə ən aşağı katerqoriyalı insan kimi baxılır. Bütün hallarda müəllimlərin maaşı qaldırılmalıdır, çünki müəllimin ələ baxan olmaması, gözünü başqa yerə dikməməsi, əlavə yerlərdə çalışmaması üçün konkret gördüyü, öyrətdiyi işə görə də müəyyən vəsait əldə etməlidir. Bu da insan həyatı üçün normal tələbdir".

Öyrədən normal olmayanda, öyrənən də normal olmur

Deputat vurğulayıb ki, ikincisi isə, burada subyektiv faktorlar önəm daşıyır:

"Artıq seçim elə edilməlidir ki, hər adam müəllimlik peşəsinin məsuliyyətini anlamadan bu peşəyə gəlməsin. Bu baxımdan da müəllimlərin üzərində məsuliyyət daha böyükdür. Çünki öyrədən normal olmayanda, öyrənən də normal olmur".

Azərbaycanda təhsil xeyli geriləmiş vəziyyətdədir

F. Mustafanın qənaətincə, ümümiyyətlə Azərbaycanda təhsil xeyli geriləmiş vəziyyətdədir:

"Təhsil Nazirliyi bu sahəni dirçəltmək üçün son vaxtlar tədbirlər görür və bu, müsbət haldır. Cəmiyyətin diqqətini təhsil probleminə çəkməkdə nazirliyin istəyi artıq görünür. Ona görə də təhsil sadəcə statistik rəqəmlərlə, kimin daha çox bal toplayıb instituta daxil olması ilə müəyyən olunmur, çünki bunun əksəriyyəti repititoruluq fəaliyyəti ilə bağlı əldə olunan nəticələrdir. Bu nəticə Azərbaycan təhsilinin səviyyəsinin göstəricisi deyil".

30 il əvvəl Hindistan bizdən on dəfələrlə geri qalmış cəmiyyət sayıla bilərdi

Onun sözlərinə görə, təhsil bütövlükdə maddi-texniki bazadan başlayır:

" Maddi-texniki bazanın ardınca intellektual kadr bazasının çoxluğundan başlayır. Birincisi, müəllim yüksək maaş almalıdır, ikincisi, müəllim savadlı olmalıdır və bu peşəni seçən adam onun məsuliyyətini anlamalıdır, üçüncüsü isə məktəblərdə müasir texnologiyanın tətbiqi artıq mövcud olmalıdır ki, şagird məktəbdə nəyisə öyrənə bilsin. 30 il əvvəl Hindistan bizdən on dəfələrlə geri qalmış cəmiyyət sayıla bilərdi, lakin indi Hindistanın əldə etdiyi nailiyyətlər təhsilin sayəsində mümkün olub".

Önəmli olan həmin texnikanı idarə edən insanı yetişdirməkdir

Millət vəkili hesab edir ki, Azərbaycan kimi kiçik dövlətlərin xaricdən nə qədər silah, texnika alması ilə güclənməsini təsəvvür etmək yanlışdır:

"Təxribat törədib müharibə şəraiti yarananda bir günün içində 10 milyonlarla pul havaya sovrula, texnika məhv edilə, sıradan çıxarıla bilər. Önəmli olan həmin texnikanı idarə edən insanı yetişdirməkdir. Biz bunu yetişdirmək məqsədilə özümüz üçün həyəcan siqnalı verməliyik. Bu yetişməyib, bunu necə hazırlayaq? Ona görə də bu məsələ aktualdır və təkcə nazirliyin problemi kimi baxılmamalıdır. Təhsilin təəssübkeşliyini nazirlikdən başlamış, millət vəkilinə qədər, bütün dövlət rəsmilərindən başlamış valideynədək birlikdə çəkməliyik. Ancaq bu halda təhsilin səviyyəsini qaldırmaq olar". (Sonxeber.az )