Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 16:12:59
İtaliyanı beynəlxalq arenada 6 dəfə təmsil edən soydaşımız: “İtalyan olmadığımı biləndə hamı təəccüblənir”  

O, 6 dəfə Azərbaycan, 6 dəfə isə İtaliya adından  Erasmus  treyninqlərində  iştirak edib. Eyni zamanda,  Boloniya Universitetinin magistri olmaqla  bərabər,  Danimarkanın Roskilde  Universitetində  təqaüdlə oxumaq imkanı qazanıb.

AzEdu.az  daim xaricdə  təhsil  alanların  təcrübələrini  gənclərlə  bölüşür.

Bu dəfə İtaliyanın Boloniya Universitetində magistr pilləsində təhsil alan  İsgəndər Cəfərzadə ilə müsahibəni təqdim edirik:

-İsgəndər, öncə səni yaxından tanıyaq: Orta təhsilini harada almısan?

-1996-cı ildə Bakıda  anadan olmuşam.  Orta təhsilimi  111 nömrəli tam orta məktəbdə  almışam. Daha sonra təhsilimi 2013-cü ildə UNEC-in  marketinq ixtisası  üzrə  SABAH qruplarında  davam etdirmişəm.

-Niyə məhz İtaliyada magistr təhsili almaq qərarına gəldin? Oranın hansı özəllikləri diqqətini çəkdi?

-Azərbaycanda bakalavr  pilləsində təhsil aldığım vaxt elə ilk  kursdan xaricdə təhsil almaq arzusunda idim. Artıq III kursdan bu yöndə araşdırmalara  və hazırlaşmağa başlamışdım. İtaliya ilə bərabər,  Çin, Macarıstan, Rumıniya və Litvaya da müraciət etmişdim, amma son qərarım ora  oldu. Bu ölkənin təhsil sistemi, tarixi və mədəniyyəti diqqətimi çox çəkirdi. Ən əsası, təhsil aldığım və Azərbaycanın demək olar, bütün universitetlərində tətbiq olunan Boloniya sisteminin yarandığı Boloniya Universitetinin dünya üzrə TOP 200-də olması isə əsas səbəblərdən biri idi.

- Biznesin  idarə edilməsi  və Menecment  ixtisası üzrə magistr təhsili  alırsan.  İxtisasın özəlliyi və perspektivləri haqqında nə deyə bilərsən?

-İxtisasım  Xidmət Menecmenti üzrə tədris planına malikdir. Professorlar  mövzularını əsasən bu sahəyə fokuslanıb, tədris edirlər. Təhsil aldığım müddətdə “Maseratti”, “Ferrari”, “Lamborghini”, “UniCredit”, “Gucci” və s. kimi İtaliyanın böyük şirkətlərində çalışan əməkdaşlar dərsimizin qonağı olub, müəyyən seminarlar təşkil ediblər. Ümumilikdə, ixtisasımdan çox razıyam  və bu istiqamətdə təhsil almağı hamıya da tövsiyə edərdim.

 

-Çoxları düşünür ki, yalnız xaricdə təhsil almaqla Biznesin  idarəedilməsi və Menecment  ixtisası üzrə mütəxəssis olmaq mümkündür. Bu yanaşmaya münasibətin necədir?

-Bu kimi fikirlərə qatılmazdım. Fikrimcə, bu insanın özündən asılı olan bir şeydir. Yaxşı mütəxəssis olmaq istəyirsənsə, daim öz üzərində çalışmalı, özünü inkişaf etdirməli, hədəf və məqsədlərini buna uyğun müəyyən etməlisən.

-İtaliyaya oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinliklərlə qarşılaşdın? Mühit, dil, din fərqi necə təsir etdi?

-Öncədən  Avropa və Afrikada bir çox sosial layihələrdə iştirak etdiyim üçün elə də böyük çətinliklərim olmamışdı. Sadəcə, ümumi götürsək, italyanların ingilis dili səviyyəsi aşağı olduğu üçün bu mənə dil baryeri yaradırdı.

-Gənclərimiz  hər Avropa ölkəsini sanki  bir mif, sehrli dünya kimi  görürlər. İtaliyaya gedəndən sonra daxilindəki "İtaliya mifini" dağıdan nə kimi səbəblər oldu?

-Belə bir “mif, sehrli dünya” məndə olmadığından, bunu dağıdacaq səbəblər də görmədim. Sadəcə, orada oxumaq istəyənlərə məsləhət görərdim ki, mifləri çox da veclərinə almasınlar. Dünyada problemsiz  və ya hər şeyin 100% əla olduğu bir ölkə yoxdur.

 

-Səncə, fərqli cəmiyyət, sistemə daha tez adaptasiya olmaq üçün nələr etmək lazımdır?

-Sadəcə, həmin cəmiyyətdə  bir müddət yaşamaq,  yeni dostlar qazanmaq, insanlarla sosiallaşmaq lazımdır.

 -Magistratura pilləsi üçün müraciət etdiyin  universitetdə  hansı sənədlər  tələb olunurdu?

-Bu proseduralar  universitetdən-universitetə dəyişir. Boloniya Universitetində hazırda təhsil aldığım ixtisas üzrə motivasiya və referens məktubları, bakalavr diplomu və əlavəsi, ingilis dili biliyini təsdiq edən sənəd (IELTS, TOEFL, və s.), müraciət rüsumu tələb olunurdu. Birinci mərhələdə sənədləri yoxlayıb qiymətləndirirlər.

İkinci mərhələyə keçdikdə “Skype” vasitəsilə müsahibə olur. Müsahibədən sonra bir həftə ərzində nəticələr emaila göndərilir.

-İtaliyada tələbələr daha çox hansı ixtisaslar üzrə təhsil almağa üstünlük verirlər?

-Burada tələbələr ən çox turizm, iqtisadiyyat, musiqi, incəsənət və idman üzrə təhsil almağa üstünlük verirlər.

-Orada xarici tələbələrə iş izni verilirmi?

- İtaliyada oxuduğunuz müddətdə həftədə 20 saatdan çox olmayaraq yarımştat  işləmək olar.

 

-İtaliyada əcnəbi tələbələrə hər hansı güzəştlər olunurmu?

-Burada dövlətin yaratdığı  bir çox təqaüd proqramları var ki, onlardan hazırda ən çox əcnəbi tələbələr faydalanır.

-Səncə, İtaliya təhsil sistemini digərlərindən fərqləndirən  əsas cəhət nədir?

-İtaliya təhsil sistemini digərlərindən fərqləndirən əsas cəhəti kimi davamiyyətin olmamasını  deyərdim. Tələbələr vaxtlarını daha rahat tənzimləyir və imtahanlara daha rahat hazırlaşırlar. 

-Azərbaycan təhsilindən danışaq. Sizcə, təhsilimizin durumu necədir?

-Çox uzağa getməyək, elə məzun olduğum  Təhsil Nazirliyinin böyük bir layihəsi olan SABAH qrupları buna ən yaxşı nümunələrdən biridir. Ümumilikdə isə inkişafa doğru gedir. Universitetlərin Avropa və Amerikanın adlı-sanlı ali məktəbləri ilə əməkdaşlıqlarının getdikcə artırılması çox gözəl addımdır.

-Azərbaycanda bakalavr pilləsində təhsil almısan,  İtaliyada daxil olduğun universitetlə bizdəki ali  təhsil müəssisələri arasında nə kimi əsas fərqləri müşahidə etdin?

-İtaliyada  dərslər daha praktiki metodlarla (case study, araşdırmalar, qrup işləri və s.) keçirilir və hər şey elektron portalda cəmləşir. Burada hətta imtahanlara belə onlayn qeydiyyatdan keçirik.

-Universitetdə keçdiyiniz dərs sistemini təsvir edərdin...

-Dərslər müəllim-tələbə  arasında  sual-cavab  formatında  gedir; sanki hər hansı  məsələni  müzakirə edirik. Nizam-intizam qaydaları  xaric, başqa heç bir şey müəllimi maraqlandırmır.  Əgər  tələbənin daha  vacib  bir  işi  varsa və ya başqa bir səbəb üzündən dərsi tərk edə bilər.

-Oradakı yaşam şərtləri necədir:  qida, nəqliyyat, eləcə də əcnəbilərə münasibət?

-Ölkənin valyutası  avro olduğu üçün  xərclər  nisbətən bizdən daha yüksəkdir. Amma gəlirlər də buna tam uyğundur. Əcnəbilərə münasibət  çox  yaxşıdır. Bir tələbənin isə aylıq ortalama 400-450 avro xərci çıxır.

-İtalyan  gənclər boş zamanlarını necə dəyərləndirirlər?

-Daha çox kitab oxumaq, müəyyən yerlərdə sosiallaşmaq və səyahət etməyə üstünlük verirlər.

-Orada vətəndaşların aylıq  maaşı  və tələbə təqaüdləri nə qədərdir?

-Aylıq ortalama maaş 1300-1400 avro civarında dəyişir. Fiziki güc tələb edən işlərin maaşları daha yüksəkdir. Təqaüdlər isə - birillik - təxminən, 5000 avro-dur.

 

 -6 dəfə Azərbaycan,  6  dəfəsə İtaliya adından  Erasmus  treyninqlərində iştirak  etmisən. Bununla bağlı nə kimi fikir, təəssüratlarını  deyə  bilərsən?

-Azərbaycanda təhsil aldığım müddətdə universitetdən kənar sosial layihələrlə maraqlanırdım. Bir gün “Facebook”da təsadüfən qarşıma Bolqarıstanda keçiriləcək bir həftəlik  Erasmus layihəsi çıxdı, müraciət etdim və qəbul etdilər. Hər şey bundan sonra başladı. İştirak etdiyimiz təşkilat adından fəaliyyətimizi o dərəcədə bəyəndilər ki, həmin təşkilat adından daha bir neçə layihələrdə  iştirak  etdim. Hər layihədə sosial çevrəm daha da genişlənirdi.  Avropanın bu  və buna oxşar başqa layihələri ilə məşğul olan QHT (Qeyri Hökümət Təşkilatı)sədrləri və əməkdaşları ilə münasibətim daha da artırdı. Daha sonra Misirə getmək imkanına sahib oldum və artıq İtaliyaya gələndə hər şey öz axarında davam edirdi. 

-Boloniya Universitetində magistr olmaqla bərabər, eyni zamanda, Danimarkanın  Roskilde Universitetində təqaüdlə təhsil imkanı qazanmısan. Bunun üçün nə etmək lazımdır?

-Təhsil aldığınız müddətdə çalışmaq lazımdır ki, ortalama bal göstəricisi kifayət qədər yüksək olsun və mübadilə üçün müraciət etdiyiniz universitetə dolğun şəkildə motivasiyanızı çatdırmalısınız. Bundan əlavə, universitetin xarici əməkdaşlıqlarını izləmək, CV-nizi zənginləşdirmək və digər qəbul proseduralarını yerinə yetirmək lazımdır. 

-İtaliyada təhsil aldığın zaman  başına gələn maraqlı hadisələrdən danışa bilərsən?

-Xarici görünüşümdən hamı mənim italyan olduğumu düşünür və buna görə də italyanca danışmağa başlayırlar. Əksər insanlar bir az ünsiyyət qurduqdan sonra italyan olmadığımın fərqinə vardıqda çox təəccüblənirlər...(gülür) 

-Azərbaycanla müqayisədə orada yaşam tərzində cəmiyyətin fikrində hansı dəyişiklikləri gördün?

-Fərqliliklər o qədər çoxdur ki, saymaqla bitməz. Ən vaciblərini vurğulayacağam: Hər kəs öz həyatını yaşayır, öz işləri ilə məşğul olurlar, insanlar bir-birilərini mühakimə etmirlər və hörmətlə yanaşırlar. Sosial qınaq isə demək olar ki, yoxdur.

 -İtaliya səndə nələri dəyişdi?  Bu ölkənin fərqliliyi  və qəribəlikləri haqqında nə deyə bilərsən?

-İtaliyada sözün əsl mənasında “survive” etməyi öyrəndim. Bura gəlməmişdən öncə elə düşünürdüm ki, öncədən xaricdə olmuşamsa hər şeyin öhdəsindən  asanlıqla gələ bilərəm. Mədəniyyətimizdə ailədən kənar yaşamaq yaxşı qarşılanmadığı üçün ilkin zamanlarda bu bir az mənə çətin gəlirdi. Hər şeyi özün sərbəst düşünməli və qərar verməli idin. Amma zamanla buna da öyrəşdim. Bütün gənclərimizə bu təcrübəni tövsiyə edərdim. 

-"Təhsil aldığın müddətdə hansı fərqliliklər ölkəmizdə də tətbiq olunsa, təhsilimiz inkişaf edər " deyə düşünmüsəm?

-Bu barədə çox düşünmüşəm...Hazırda təhsilimiz daha çox şəffaflaşmağa doğru gedir. Təhsil Nazirliyi bu sahədə innovativ  ideyaları olan gənclərə dəstək olur.

  

 -İtalyan və azərbaycanlı xarakterlərinin oxşarlığını hər zaman səsləndirirlər. Bu necə olur, xarakter eyni, amma həyata baxış fərqli...?

-Bəli!  Sadəcə,  xarakterlərimiz müəyyən qədər bənzərdir. Onlar da bizim kimi səs-küylü, isti, qonaqpərvər  və ailə dəyərlərinə sadiq olan bir xalqdır. Zənnimcə, xarakterlərin eyni olmağı həyata baxış bucağını dəyişdirmir. 

 -Azərbaycanlı gənclərə İtaliyanı hansı şəhərlərinə gəlməməyi, hansı universitetlərinə müraciət etməməyi tövsiyə edərdin?

-Ümumiyyətlə,  bu ölkənin “pis” universiteti deyə bir anlayış yoxdur. Hər universitetin özünəməxsus inkişaf etmiş cəhətləri var. Sadəcə, müraciət etdikləri zaman ixtisaslarının hansı universitetdə daha yaxşı inkişaf etdiklərinə və tədris olunduğuna diqqət yetirsinlər. Bir də, çalışsınlar ki, bir yox bir neçə universitetə müraciət etsinlər və sonradan müqayisə aparmaq da mümkün olsun.

-Sonda əlavə etmək istədikləriniz...

-Hamıya uğurlar...

Günel Yaşarqızı
Müəllifin digər yazıları