XƏBƏRLƏR

15.03.2018 20:16
Sahibkarlar təhsildə yeni standartların müzakirəsinə cəlb edilməlidirlər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali təhsil ocağının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.

UNEC-dən AzEDU.az-a bildirilib ki, Novruz mühazirələri çərçivəsində keçirilən elmi-praktik konfransda bu universitetin müəllimləri, ölkəmizin aparıcı biznes qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran vacib məsələlərdən biri olduğunu qeyd edib, müvafiq istiqamətdə elm-təhsil-biznes vəhdətinin əhəmiyyətindən danışıb. Bu sahədə məqsədyönlü addımların atıldığını deyən rektor universitetin iş dünyası ilə yeni strateji əməkdaşlıq platforması olan UNEC2B barədə məlumat verib. O, UNEC2B platformasının kadr hazırlığında universitetin əmək bazarı ilə birgə fəaliyyətinə geniş imkanlar yaratdığını bildirib. İş adamlarının bu sahədə önəmli rol oynadığını deyən Ə.Muradov bakalavriat pilləsində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartların müzakirəsində sahibkarların iştirak etmələrinin vacibliyini vurğulayıb. İş adamlarının elmi tədqiqatlara marağından danışan rektor tələblərə cavab verən tədqiqatların hazırlanmasında DBA təhsilinin Azərbaycanda da tətbiqinin zamanı gəldiyini, ali təhsildə innovativ yanaşmalara ehtiyac duyulduğunu deyib.

ASK sədri Məmməd Musayev ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrın daha sıx qurulmasının əhəmiyyətindən bəhs edib. O, universitetlərdəki nəzəri biliklərin günün tələblərini ödəmədiyini bildirib, əmək bazarının çağırışlarına operativ cavab verən UNEC2B platformasını bu istiqamətdə çox uğurlu layihə kimi səciyyələndirib. Ölkənin iqtisadçı kadrlarının 90 faizinin məhz UNEC-in məzunları olduğunu vurğulayan M.Musayev biznes sektorları ilə ali təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində təkliflə çıxış edib. Azərbaycanda problemli kreditlər üzrə mütəxəssis çatışmazlığını deyən ASK sədri kadr hazırlığında universitetlərin bu amilləri daha çox nəzərə almasını tövsiyə edib. O, biznes qurumlarını UNEC-in müvafiq kafedraları ilə əməkdaşlıq etməyə çağırıb.

UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusunda təqdimatla çıxış edib. Universitetlərin missiyasının dünyada ən aktual müzakirə mövzularından biri olduğunu bildirən professor ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən danışıb.

Biznes qurumlarının rəhbərləri ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirlərindən danışıblar. Natiqlər, həmçinin ali təhsildə innovasiya və özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndiriblər.

İlin gənc müəllimi-Müraciət formu