Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-15 20:05:28
Müxtəlif rayonlarda yerləşən geofiziki stansiyaların məlumatları emal ediləcək

AMEA Riyaziyyat və Mexanika İnstitutu Geologiya və Geofizika İnstitutu ilə birgə ölkənin mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində tədqiqatlara başlayıb. 

AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədqiqatlarda əsas məqsəd respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarını emal etməkdir.

İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin bir-birindən asılılığının, radon qazının həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının və digər aspektlərin müasir riyazi üsullarla emalı aparılır.

Bu məqsədlə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda alınan ilkin nəticələrin müzakirəsi keçirilib. Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, İnstitutun əməkdaşlarından Rövşən Əliyev, Hilalə Cəfərova, Geologiya və Geofizika İnstitutunun direktorunun elmi işlər üzrə müavini Dadaş Hüseynov, İnstitutun alimlərindən Əkbər Feyzullayev, Çingiz Əliyev və Rauf Bağırlı iştirak ediblər.

Toplantıda görülən işlərlə bağlı müzakirələr keçirilib, ilk elmi nəticələr müsbət qiymətləndirilib və tədqiqatların davamlı olacağı qənaəti təsdiqlənib.