XƏBƏRLƏR

14.02.2020 09:23
Gənc müəllimlər deputat seçilsə idilər, hansı problemləri qabardardılar?-Maraqlı təkliflər

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı  nəticələr bu həftə media və sosial şəbəkələrin əsas mövzusu olub.

Milli Məclisin VI çağırış deputatları, onlardan gözləntilər sosial şəbəkələrdə müxtəlif formada müzakirə olunub. Belə müzakirələrə qoşulan ziyalı, müəllimlər də az deyil. Onlar adətən təhsildə gördükləri müxtəlif problemlərdən çıxış edirlər.

Bəs, gənc müəllimlərin deputat seçilmək şansları olsaydı, Milli Məclisdə orta məktəblə bağlı qaldıracaqları ilk məsələ nə olardı?

“Müəllimlərin yazı işi yükünün azaldılması…”

İsmayıllı rayon İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı AzEdu.az-ın sualını bu cür cavablayıb:

“Əvvəla, müəllimlərin yazı işi yükünün azaldılması məsələsini qaldırardım. Ali məktəbə qəbul imtahanlarında abituriyentlərin qarşılaşdıqları sualların bəzi hallarda tədris olunan proqramla təzad yaratmasını vurğulayardım.

Ölkədə keçirilən seçkilərdə müəllimlərin Məntəqə Seçki Komissiyasına cəlb olunmaması da aktual, işıqlandırılması gərəkən məsələlərdəndir”.

Müəllimlər üçün hansı həvəsləndirici tədbirlərin görülməsi məsələsinə gəlincə isə Şahid Muradlı belə cavab verib:

“Hazırda bununla bağlı tədbirlər həyata keçirilir.  Kiçik dəyişiklik edilsə, yaxşı olardı. Həvəsləndirmə tədbirləri var (H1, H2) tətbiq olunur. Amma bununla bağlı yaş məhdudiyyətinin aradan qaldırılması vacibdir. Çünki müəllim müəyyən müddət üçün çərçivələnməli deyil.

Müəllimlər arasında keçirilən ixtisas olimpiadasının davamlı hal alması da yaxşı olardı. Onların keçirilən təcrübə proqramlarına cəlbi üçün bölgələrdə şərait yaradılması məsələsi ilə Milli Məclisdə çıxış edərdim.

“RTŞ müdirləri imtahan yolu ilə seçilsinlər”

Salyan rayon Salman Cəfər adına Yenikənd kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Seymur İbrahimov isə bildirib ki, “Təhsil haqqında” qanunun 32-ci maddəsi, Rayon Təhsil Şöbəsini idarəetmə haqqında əsasnaməyə görə, RTŞ müdirini İcra Hakimiyyəti seçir və Təhsil nazirinin əmri ilə təsdiq olunur:

“Deputat olsaydım, bu qanuna əl gəzdirərdim. RTŞ müdirlərini İcra Hakimiyyəti seçməsin. İmtahan yolu ilə seçilsinlər. Buna birbaşa nəzarəti isə Təhsil Nazirliyi üzərinə götürsün. Məncə, bu yerinə yetirilsə, təhsildə bir çox müsbət dəyişiklər baş verər.

Bundan əlavə, qaynar xətt yaradar, nazirliyin etibar etdiyi şəffaf şəxslərə ona cavabdehlik səlahiyyəti verərdim. Müəllimə qarşı zorakılıq, şiddət baş versə, bu xətlə əlaqə saxlasınlar və  dərhal araşdırılma aparılsın. Müəllimlərin problemləri dinlənilərək onların xeyrinə həll olunsun. Hiss edirəm ki, müəllimə şiddət çoxdur. Bu, bəzən valideyn, bəzən isə həddini aşan şagirdlər tərəfindən olur. Müəllim haqlı olsa da, onun haqqında tədbir görülməsi halları çox olub. Məncə, müəllimi qorumaqla da təhsildə nəsə əldə etmək olar”.

 “Müəllim nüfuzu düşməsin”

Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin müəllimi Elçin Abbasov isə mövzuya bəzi kitablar bərbad vəziyyətdə olmasını xatırladaraq başlayıb. Bildirib ki, Milli Məclisdə qaldıracağı ilk məsələ də elə bununla bağlı olardı:

“Dərsə yeni metodları tətbiq edirəm. Onlarla bağlı geniş təlimlər təşkil etmək olar. Çünki quru əzbərləməklə nəticə əldə etmək olmur. Yalnız kitab oxumaqla, Sovet sistemi ilə olmur. Toxunaraq öyrənmə üsulları var. onlardan  biri də Təhsil Nazirliyinin tətbiq etdiyi STEAM-dır. Bununla bağlı geniş layihələr tətbiq edilsə, pul ayrılsa, daha effektli olar. Toxunaraq öyrənmə üsulları keyfiyyəti daha da artırır.

Gənc müəllimləri həvəsləndirmək lazımdır. Müəllim nələrsə etsə də, dəstək olmadığını görəndə sönür. Həvəsləndirici mükafatlar, təltiflər olsa, müəllimlərin iş effekti artar”.

Laçın rayonu Taxtakörpü kənd məktəbinin İngilis dili müəllimi Şəbnəm Cəbrayıl bildirib ki, deputat seçilmə şansı olaydı, aşağıdakı təklifləri irəli sürərdi:

“Çox istərdim, müəllim nüfuzu düşməsin.Orta məktəblərlə bağlı ilk qaldıracağım məsələ isə,  vahid geyim forması olardı. Həm də, ölkənin bütün məktəbləri üçün”.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları