Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 15:08:00
Öz ixtisasını bilməyən doktorantlar var - AMEA-nın şöbə müdirindən ŞOK AÇIQLAMA

Azərbaycanda doktoranturaya qəbul hazırda elmi müəssisənin öz daxili imtahanı əsasında həyata keçirilir. Mütəxəssislər isə hesab edir ki, imtahanlarda insan amilinin yer alması neqativliklərə yol açır. Bəzi doktorantlar hətta öz ixtisasları ilə bağlı məlumatsız olurlar.

AzEdu.az xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Lent.az -a bildirib ki, dövlətin apardığı islahatlara uyğun olaraq, akademiyada keçirilən lokal imtahanların hamısını Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə etmək lazımdır: “Niyə müəllim, məmur işləmək üçün imtahan verir, amma akademiyanın işçisi imtahan vermədən gəlib oturur. Çalışmaq lazımdır ki, istənilən quruma qəbul prosesində məmur əli olmasın, obyektivlik qorunsun”.

 Ə.Əliyevin sözlərinə görə, akademiyada müdafiə edənlərin bəziləri öz ixtisasından yüksək qiymət almasına baxmayaraq, ixtisası ilə bağlı orta məktəb səviyyəsində bilmir: “Bəzən bizi günahlandırırlar ki, doktorantlara orta məktəb səviyyəsində sual veririsiniz. Bu fakt sual verənin yox, cavab verə bilməyənlərin günahıdır. Ona görə də imtahanlar ciddi keçirilməlidir. Beş-altı il bundan əvvəl doktoranturaya qəbul olmaq istəyən uşaqlar bir neçə ay hazırlaşırdılar. Amma hazırda heç kitab üzü açmadan doktoranturaya daxil olurlar. Dissertasiya yazırlar”.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov növbəti ildən doktoranturaya qəbulun yeni əsasla həyata keçiriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, əsas dəyişiklik beynəlxalq səviyyədə qəbul olunmuş imtahanların, yaxud mərkəzləşmiş formada xarici dil imtahanının nəticəsinin ilkin mərhələdə nəzərə alınmasıdır: "Hesab edirik ki, XXI əsrdə ciddi doktorantura təhsilindən danışırıqsa, mütləq şəkildə gənc tədqiqatçıların beynəlxalq, qlobal dillərdən hansısa birini peşəkar formada bilməsi vacib və zəruri şərt kimi ortaya qoyulmalıdır. Bu, artıq zamanı yetişmiş qərar idi. Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə qəbul olunan tələbələr vasitəsilə görəcəyik".

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bir çox hallarda doktoranturaya qəbulda neqativ hallar olurdu, kənar müdaxilələr baş verirdi: “2011-ci ildə Bakı Dövlət Universitetində doktoranturaya imtahanda özüm bunu görmüşdüm. 2012-ci ildə də bu hal təkrar oldu, amma mübarizə aparıb qəbul oldum. Demək olar ki, bir çox halda imtahanlarda yüksək qiymət alanlar yox, kimlərinsə qohumları, tanışları doktoranturaya keçirilir, qəbul olunurdu. Ona görə də bu gün elmdə ciddi uğurlarımız azdır, gənclərin elmə gəlməsində problemlər var idi. Çünki bir çox vaxt layiqli, savadlı şəxslər kənarda qalırdı. Artıq bu problem aradan qaldırılıb. Nazirlər Kabineti doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi. Xarici dil üzrə imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) keçirəcək. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM müəyyənləşdirəcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar. Adamı, imkanı olmayanların yolu açıldı”.