XƏBƏRLƏR

29.11.2019 09:24
Peşəyə məktəbdən yaranan maraq

Peşə təmayüllü siniflərin açılması tam orta təhsil səviyyəsinə keçən şagirdlərin sayını da artırıb

Bakı şəhərindəki 120 nömrəli tam orta məktəb ölkəmizdə peşə təmayüllü siniflərin yaradıldığı 20 məktəbdən biridir. Burada X sinif şagirdlərindən təşkil olunan 3 sinif var. Həmin siniflərdən biri peşə təmayüllüdür.

Məlumat üçün qeyd edək ki, peşə təmayüllü siniflər 2019-2020-ci tədris ilindən təşkil olunur. Şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində həyata keçirilən layihələrdəndir. Məqsəd isə təhsilalanların ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasıdır. İlkin mərhələdə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabaddakı məktəblərdə təşkil edilib. Hazırda 20 peşə təmayüllü sinifdə ümumilikdə 420 şagird təhsil alır. Bu siniflərdə tədris Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və müvafiq modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilib. Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə fənlər tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünüifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr tədris olunur. Eyni zamanda, layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir.

Dərzi və aqronomlar iş başında

Bir sinfin şagirdləri olsalar da, seçdikləri peşələr onları ayrı tərəflərə, hətta otaqlara aparıb çıxarıb. Bir qrupun qarşısında gül-çiçək, digər otaqdakıların isə qarşısında iynə-sap var. Bu ikinci otaqdan ətrafa gözəl qoxular yayılır. Elə bir qoxu ki, tox adamı da acdırar. Əli iynə-saplı dərzi otağından nə qoxu? Təəccüblənməyin. Burada dərzilərlə yanaşı, aşpazlar da yetişir. Onlar üçün heç fərqi yoxdur, iş yeri məşhur bir restoranın böyük mətbəxi, yoxsa evinin kiçik mətbəxi olacaq. Necə ki, burada yetişən aqronomun öz məhsulunu sadəcə ailəsinə, yoxsa dünyaya təqdim edəcəyinin elə bir fərqi yoxdur. Balaca dərzilər də hələ təkcə öz qızını, yoxsa dünya qadınlarını geyindirəcəyinə qərar verməyiblər. Deyirlər ki, əsas odur, bizə bu şərait yaradılıb, bizi öyrətmək istəyənlər var. 

Beləliklə, 120 nömrəli məktəbdə təşkil edilən peşə təmayüllü sinifdə təhsil alan 24 şagirddən 11 nəfəri oğlan, 13 nəfəri isə qızdır. Qızlar “Xidmət profili” üzrə dərzi köməkçisi ixtisası, oğlanlar isə “Kənd təsərrüfatı” profili üzrə aqronom, kiçik fermer ixtisası üzrə hazırlıq keçirlər. 120 nömrəli tam orta məktəbdə peşə təmayüllü siniflərin qrup rəhbəri Xeyransa Quliyeva deyib ki, hazırda kulinariya üzrə fəaliyyət təşkil olunsa da, ixtisas olaraq aşpaz köməkçisi ixtisası üzrə hazırlığın növbəti tədris ilindən həyata keçirilməsi planlaşdırılıb: “Şagirdlərimizin təcrübə və tədris üçün ayrı otaqları var. Həmin otaqlar ixtisas sahələri üzrə lazım olan avadanlıqlarla təchiz olunub. Tədris otağında 10 “Lenovo” noutbuk, 1 proyektor və printer qoyulub. Bu otaqda uşaqlar öz peşəyönümü üzrə istənilən mövzunu araşdıra bilərlər”.

X.Quliyevanın sözlərinə görə, peşə təmayüllü sinif həftənin 3 günü ümumtəhsil fənləri keçir, 2 günü isə layihə üzrə müxtəlif modullara yiyələnirlər. 2 saat nəzəriyyə, 2 saat təhlükəsizlik, 8 saat praktika olmaqla, ümumilikdə, 12 saat layihə dərslərinə, 19 saat isə ümumtəhsil fənlərinə ayrılıb.

Peşə təmayüllü siniflər 20-24 nəfərdən təşkil edilir. Əksəriyyəti IX sinif buraxılış imtahanlarında orta nəticə, hətta ondan daha aşağı nəticə göstərənlərdir. Akademik göstəriciləri yüksək olmayan bu şagirdlərin gələcəkdə taleyini bu peşələrlə bağlayacaqlarını birmənalı olaraq demək mümkün deyil. Çünki aralarında dərzi, aqronomdan başqa, gələcəkdə müəllim, tibb bacısı, rəssam olmağı hədəfləyənlər də çoxdur. Məsələn, Əfsanə Mahmudova rəssam olmağı arzulayır: “İncəsənət Universitetində təhsil almaq istəyirəm. Rəssam olmaq istəyirəm. Ancaq dərzilik və aşpazlıq da mənim üçün çox maraqlıdır. Dadlı yemək bişirmək, arzulayanda qəşəng paltarlar tikmək bacarığım da olsun istəyirəm”.

Fidan Ağazadə də rəssam olacaq: “Dərsdən sonra rəsm dərnəyinə gedirəm. Rəsm çəkməyi çox sevirəm. Ancaq dərziliyə də maraq göstərirəm”.

Xeyransa Quliyevanın sözlərinə görə,  peşə təmayüllü sinifdə oxumaları hər hansı peşə sahibi kimi yetişəcəkləri, ya da məktəbi bitirib bu peşə ilə məşğul olacaqları anlamına gəlmir: “Biz onlara peşələr barədə məlumat veririk. Həmin peşələrlə ən sadə dildə, ən asan formada tanış olurlar. Məktəbi bitirdikdə bu peşələrlə bağlı onlar müəyyən məlumata malik olacaq, məişətdə yaranan sadə problemləri həll edə biləcəklər”.

Yeniyetmə aqronom köməkçiləri...

Seçdikləri peşələr üzrə şagirdlərə bacarıqlar aşılayacaq mütəxəssislər xüsusi seçilib. Onlardan biri də Hicran Kərimovadır. Kiçik sahibkardır, Zirədə istixanaları fəaliyyət göstərir. Gülçülük və tingçiliklə məşğul olan ilk qadın sahibkardır. 20 ildən çoxdur ki, bu sahədə çalışır. İndi isə tamamilə fərqli sahədə özünü sınayacaq. Əkib-becərməyin sirlərini böyüməkdə olan nəslə öyrədəcək: “Hesab edirəm ki, ölkəmizdə kənd təsərrüfatı ixtisasları üzrə kadrlara, mütəxəssislərə çox böyük tələbat var. Sinifdəki 10 şagirddən 8 nəfəri ilə bağlı böyük gözləntilərim var. Yerdə qalan 2 şagirdim də çox həvəslidir. Öyrənməyə və işə olan həvəsi onların da məktəbi kənd təsərrüfatı üzrə məlumatlı biri olaraq bitirəcəklərinə inam yaradır. Onlara kənd təsərrüfatı məhsullarının örtülü şəraitdə becərilməsini, satışını tədris edirəm. Bu sahə üzrə mütəxəssis olduğum üçün onlara öz təcrübəmdən danışıram. Müşahidə edirəm ki, bu sahədə əldə etdiyim uğurlarla bağlı söhbətimiz onları daha da həvəsləndirir. Onları görüb mən də həvəslənirəm. Bildiklərimi uşaqlara ötürmək, sözün əsl mənasında, şərəfdir. Aralarından aqronom, dizayner, bağban çıxarsa, bu, mənim üçün ikiqat xoşbəxtlik olar”.

Yeniyetmə aqronomlar tərəvəz toxumlarını becərirlər. Bəzi bitkiləri çilikdən çoxaltmaqdan başlayıblar. Ancaq tezliklə işi daha da böyüdəcəklər: “15-20 kvadratmetrlik istixanamız olacaq. Biz orada örtülü şəraitdə tərəvəz məhsulları yetişdirəcəyik. Şagirdlərimiz təbii və süni yolla məhsul yetişdirməyi öyrənəcəklər”.

Mütəxəssis deyir ki, süni şəraitdə bitki yetişdirmək asandır: “Süni yollarla məhsul əldə etmək çətin deyil. Biznes budur. Biz uşaqlara bunu da deyirik. Ancaq əsas torpaqda işləməyi öyrətməyə çalışırıq. Torpaqda zərərvericilər, xəstəliklər çoxdur. Onlarla mübarizə aparmağı öyrənsinlər. Sağlam cəmiyyət üçün bizim o cəmiyyətə sağlam məhsullar verməyimiz lazımdır. Biz də uşaqlarımıza o fərqi göstərir və onlara sağlam olmaları üçün sağlam məhsul yetişdirməyi öyrədirik”.

Məktəblilərə məhsulunu necə satacağını da öyrədəcəklər: “Onları soyuq və isti bazar barədə məlumatlandıracağam. Harada necə satmağın sirlərini öyrədəcəyəm. Soyuq bazar onlayn satış, isti bazar isə açıq satışdır. Uşaqlarıma demişəm, onlar yetişdirmək istədiklərini seçəcək, mən onlara seçimlərində dəstək verəcəyəm. Hətta həvəsli olsalar, onlara öz şəxsi sahəmdə komanda şəklində işləməyə də dəvət edəcəyimi demişəm”.

Hicran xanımın gələcək aqronom köməkçilərindən biri də Tərlan Vəliyevdir. Hələlik dibçəkdə çiçək əkir. Əkdiyi məhsulu sağlam böyütməyi öyrənir: “Öz həyətimizdə əkib-becərməyi sevirəm. Yavaş-yavaş daha çox şey öyrənmək istəyirəm. Gələcəkdə də aqronom olacağam”.

Yanvardan albion çiyələk sortunu yetişdirməyə başlayacaqlar. Mütəxəssis deyir ki, ildə 4 dəfə məhsul verən həmin çiyələkləri tezliklə açıq bazara da çıxardarlar...

Yeniyetmə dərzilər...

Dərzi köməkçisi ixtisası üzrə hazırlığı isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olan Gülsarə İsgəndərova həyata keçirir. Rəssamlıq, toxuculuq, dərzilik üzrə çoxlu əl işi sahibidir. Evdar qadın olsa da, biçib-tikdiyi, dizayn verib ortaya qoyduğu əl işləri onu yaşadığı ərazidə məşhurlaşdırıb. Şöhrəti məktəbə qədər gəlib çatıb: “Övladlarım bu məktəbdə təhsil alır. Özüm də fəal valideynlərdənəm. Məktəblə sıx əlaqələrim olub. İndi də öz bacarıqlarımı uşaqlara aşılayıram”.

Bəyimlə Aytac da onun şagirdləridir. Bəyim Hüseynzadə aşpazlığa daha maraqlı görünür: “Qızlarımızın hamısı dərzi köməkçisi ixtisası üzrə hazırlıq keçir. Ancaq biz 5 nəfər aşpazlığa daha çox maraq göstəririk. Mən evdə də yemək bişirirəm. Ola bilər gələcəkdə də elə aşpaz olum”.

Aytac İsazadə də anasına mətbəxdə kömək edir: “Burada bişirib-düşürürəm. İnanıram ki, məktəbdə aldığım bu kömək peşəkar aşpaz olmağımda rol oynayacaq”.  

120 nömrəli tam orta məktəbdə əsas səriştələri məktəblilərə Sevinc Abbasova tədris edir.  Deyir ki, şagirdlərinə kollektiv işin necə qurulduğunu, vəzifə bölgüsünü, fəaliyyətə nədən başlamalı olduqlarını izah edir: “Onlara peşələr haqqında məlumat verir, peşə seçiminə kömək edirik”.  

Sevinc müəllim deyir ki, ixtisas yeni olduğu üçün özü də uşaqlarla bərabər öyrənir: “Çox maraqlı mövzular var. Biz, şagirdlərimizə, sadəcə, peşə və gələcək karyeralarını qurmaq üçün istiqamət vermirik, bu tədrisin sayəsində onların şəxsiyyət kimi inkişafını təmin edirik”.

Məktəblilərin xırda biznesi yaranır

Bəs, əl işlərinin, yetişən məhsulların taleyi necə olacaq? Bu barədə də planlar var. Planlardan  ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin formalaşdırılması layihəsinin rəhbəri Xanım Şabanova danışıb: “Məktəblərdə süni bazar formalaşdırmağı düşünürük. Müəyyən günlərdə isə satış təşkil ediləcək. Məsələn, Cəlilabadda çiyələk yetişdirəcəklər. Bazara müxtəlif təşkilatlardan qonaqlar dəvət edəcək və məhsullarımızı onlara təqdim edəcəyik. Bu plan xüsusən “Kənd təsərrüfatı” profili üzrə hazırlıq təşkil edilən məktəblərdə reallaşdırılacaq”.

Kulinariya ilə bağlı festivallar, əl işləri üzrə sərgilər təşkil ediləcək. Bir sözlə, məktəblinin əl işləri cəmiyyətə layiqli şəkildə təqdim olunacaq. Onların öz məhsullarından gəlir əldə etmələri də elə uzaq dövr üçün qurulmuş plan deyil. Hətta xidmət sahələri üzrə ixtisaslaşan məktəblilər digər peşədən olan yoldaşlarının ehtiyaclarını ödəməyi öz üzərinə götürəcəklər. 2020-2021-ci tədris ili üçün artıq layihənin sifariş aldığı, satış həyata keçirərək gəlir götürdüyü, beləliklə, hədəf kütləsinin böyüyəcəyi real görünür.

120 nömrəli məktəbin dərziləri artıq ilk sifarişini də alıb. Onlar öz “aqronom köməkçisi” sinif yoldaşlarının önlüklərini tikəcəklər.

Tam orta təhsil səviyyəsinə keçənlərin faizi artıb

Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev hesab edir ki, yeni başlamasına baxmayaraq, layihənin real nəticələri var. Bu nəticə özünü ilk növbədə IX sinifdən X sinfə keçmə faizində göstərib: “Orta ümumtəhsil səviyyəsindən tam orta təhsil səviyyəsinə keçən şagirdlərin sayı ötən illə müqayisədə bu il 10 faiz daha çoxdur. Layihənin genişlənəcəyini nəzərə alsaq, rəqəmin növbəti tədris illərində artacağı şübhə doğurmur. Xüsusilə, qızların məktəbə cəlb edilməsində müsbət tendensiya müşahidə olunur”.

E.Əmrullayevin sözünə qüvvət olaraq qeyd edək ki, 120 nömrəli tam orta məktəbdə belə nümunələr var. Peşə təmayüllü siniflərin açılması ilə orta təhsilini davam etdirməyə qərar verənlərdən biri də Sevinc Rəcəbovadır. Əvvəlcə 242 nömrəli tam orta məktəbdə oxuyan Sevinc  IX sinfi bitirdikdən sonra kollecə daxil olmağa qərar verib: “Təhsilimi kollecdə davam etdirmək istədim. Ancaq balım çatmadığı üçün qəbul ola bilmədim. Burada oxuyan uşaqlardan öyrəndim ki, məktəbdə peşə təmayüllü sinif yaradılıb. Mən də orta məktəbə qayıtdım. Dərziliyə çox böyük marağım var. İmkandan istifadə edib bu peşəni öyrənmək istədim”. 

Xeyransa Quliyeva da deyir ki, layihənin başlamasından sonra başqa məktəblərdə təhsil alan şagirdlərin bu məktəbə köçürülməsi ilə bağlı müraciətlər çoxalıb: “X sinifdən bizim məktəbdə oxumağa başlayan bir neçə şagird var. 24 nəfərlik peşə təmayüllü qrupla işlədiyimizdən müraciətlərə hələlik müsbət cavab verə bilmirik. Lakin gələcəkdə siniflərin sayını artırmağı düşünürük. Onda istənilən sayda müraciəti müsbət dəyərləndirmək imkanımız olacaq”.

Layihənin əhatə dairəsi genişləndirilir

Növbəti tədris ilindən isə siniflərin də, ixtisasların da sayı artacaq. Emin Əmrullayevin sözlərinə görə, növbəti dərs ilində peşə təmayüllü siniflər 50 məktəbdə təşkil ediləcək: “İlk tədris ilində peşə təmayüllü siniflərin şagird sayı çox olan məktəblərdə təşkili ilə bağlı kriteriya vardı. Artıq belə bir kriteriya da olmayacaq. Hətta belə siniflərin təşkil olunduğu məktəblər siyahısında məcburi köçkünlərin təhsil aldığı təhsil müəssisələri də olacaq”.

İxtisaslara gəlincə, E.Əmrullayev peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün sürücülüyün tədrisinin də planlaşdırıldığını deyib: “Həmin siniflərdə təhsil almış məzunlara sürücülük vəsiqəsi almaq imkanı yaradılacaq. Müxtəlif layihə profilləri üzrə səriştə və istiqamətlərin tədrisi mütəxəssislər tərəfindən həyata keçirilir və bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə ümumilikdə 40 mütəxəssis cəlb edilib”.

Ruhiyyə DAŞSALAHLI(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu