Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 12:04:45
İşdən çıxarılan şöbə müdiri barədə təhsil işçilərinin fikiri: “Kəlbəcər təhsilini məhv edib getdi  

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova vəzifəsindən azad edilib. Onun çalışmanın yaş həddinə çatdığına görə, vəzifədən uzaqlaşdırıldığı bildirilir.

Təhsil Şöbəsinin müdiri vəzifəsinə hələ təyinat yoxdur. Elmira xanım isə 2015-ci ildən bu vəzifədə çalışırdı.

Bəs, Kəlbəcər rayon təhsil işçiləri Elmira xanımın beşillik fəaliyyəti ilə bağlı hansı fikirdədirlər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Kəlbəcər rayon 95 nömrəli tam orta məktəbin direktoru Səxavət Camalov keçmiş şöbə müdirinin təhsildə diqqət etdiyi əsas məqamlardan söz açıb:

“Elmira xanım müdir kimi nə deyibsə, tabe olmuşuq. Qanun çərçivəsində hərəkət edən insan olub. Yaxşı rəhbər idi. O gələndən sonra rayonun qəbul göstəriciləri də pis olmayıb. Məktəblərin fəaliyyətini izləyirdi. Sənəd işlərinin dəqiqliyinə xüsusi diqqət edirdi. Kargüzarlıq işlərinə önəm verirdi.

Yeni şöbə müdirinin kim olacağını bilmirik. Amma rəhbər kimi nə desə, əməl edəcəyik. İstərdim yeni müdir təhsilə, işləyənə qiymət verən biri olsun. Məktəbin şəraitinin yaxşılaşdırılmasına kömək etsin”.

Kəlbəcər rayon 57 nömrəli tam orta məktəbin direktor müavini Elxan Mirzəyev keçmiş şöbə müdirinin fəaliyyətini o qədər də müsbət qiymətləndirməyib:

“-Belə də, orta səviyyədə... Nə pis, nə də yaxşı”.

Ürək dolusu yaxşı deyə bilməməsinin səbəbini soruşduqda isə Elxan müəllim belə cavab verib:

“Elmira xanım Kəlbəcər təhsilini məhv edib getdi. Onun təhsildə heç bir fəaliyyəti olmayıb. Rayon təhsilində irəliləyiş istəyirik. Ali məktəblərə qəbul gösəricilərinin artmasını arzu edirik”.

Kəlbəcər rayon 106 nömrəli tam orta məktəbin direktoru Əziz Allahverdiyevin isə beşillik fəaliyyətlə bağlı  təəssüratları çox müsbətdir. Onun sözlərinə görə, Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elmira Şükürova böyük, yolgöstərən, məsləhətçi, eyni zamanda yaxşı təhsil işçisi olub:

“O, həm də xanım – xatun anadır. Onda Azərbaycan xanımının gözəl siması cəmlənib.

Haqqında yazılan mənfi fikirlərə inanmıram. Onu deyənlər Elmira xanımı istəməyənlərdir. Bekar adamlardırlar. O, hər şeydən öncə şəxsiyyət idi. Yaxşı insan idi. Sadəcə təqaüd yaşına çatmışdı. Qanunvericiliyin tələblərinə uyğun olaraq vəzifəsindən kənarlaşdırıldı. Elmira xanım respublikanın ən yaxşı təhsil işçilərindən biri idi.

İstərdim, gələcək müdir də onun xəttini davam etdirsin. Həm də bəzi məktəblərimizin təmir şəraitini yaxşılaşdırsın”.

Qeyd edək ki, Elmira Şükürova 1954-cü ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedoqoji İnstitunun Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində müəllim kimi başlayıb. 1978-1984-cü illərdə direktor müavini, daha sonra direktor, Ağdam Rayon Təhsil Şöbəsi Metodkabinetində metodist, məktəb inspektoru vəzifələrində çalışıb. 1998 ci ildən  2015-ci ilin aprel ayına qədər Ağdam rayon təhsil şöbəsində müdir olub. Kəlbəcər rayon Təhsil Şöbəsinə isə 2015-ci ilin  aprelində müdir təyin olunub.