Azedu.az

“Universitetlərdə akademik dəyərlər ayaqlar altına atılır”

Universitetlər

Müəllimlər və elm adamları

10 Mart 2025, 09:45
“Universitetlərdə akademik dəyərlər ayaqlar altına atılır”

Bakı Biznes Universitetində (BBU) 8 mart münasibətilə keçirilən tədbirdə oğlan tələbələr qadın müğənnilərdən birini parodiya edib. Yayılan görüntülər sosial şəbəkələrdə xoş qarşılanmayıb və tənqid olunub. 

 

Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov AzEdu.az-la sözügedən hadisə ilə bağlı fikirlərini bölüşüb.

 

K.Əsədov qeyd edib ki, universitet əyləncə yeri deyil:

 

“Biz ali təhsilin mahiyyətini tamamilə unutmuşuq. Universitet əyləncə mərkəzi deyil, buraya gənclər öyrənmək, araşdırmaq, bilik qazanmaq üçün gəlirlər. Ancaq indi elə bil ki, əsas məqsəd təhsil almaq deyil, sosial media üçün kontent yaratmaq, “trendlərə düşmək” və ya “universitet həyatını” şouya çevirməkdir.

 

Bunu normal hesab edənlər anlamır ki, universitetin bir imici, akademik dəyəri və elmi mühiti var. Hər yerin bir qaydası var – teatrda səssiz oturursan, məsciddə sayğılı davranırsan, xəstəxanada nizam-intizama əməl edirsən. Bəs universitet? Universitetin hörmətini niyə bu qədər ayaqlar altına atırıq?

 

Ali təhsil müəssisəsinə girən hər kəs anlamalıdır: sən burada bir akademik mühitin içindəsən, hərəkətlərin yalnız səni deyil, bütövlükdə ali təhsil sisteminin nüfuzunu təyin edir! Əylənmək başqa şeydir, universitetin mövcud akademik mühitini pozacaq şəkildə davranmaq başqa şey. Bu qəbulolunmazdır!

 

Əgər universitetlərdə bilikdən çox əyləncə prioritet olursa deməli, biz diplom verən bir sistem qurmuşuq, amma elmi düşüncə və intellektual inkişaf verən bir sistem qura bilməmişik. Bunun nəticəsində də təhsilimiz beynəlxalq reytinqlərdə yer tapmır, məzunlarımız real bilik və bacarıqdan məhrum olur. Çünki universitet dəyərini itirəndə, oradan çıxan “təhsilli” insanların da dəyəri azalır!

 

İndi qərar verək: universitetləri elm və bilik məkanına çeviririk, yoxsa şou mərkəzinə? Ciddi ali təhsil istəyiriksə, universitetlərin imicini qorumalıyıq!”. 

ABŞ-dən sərt xəbərdarlıq - Bu döyüşdən SAĞ ÇIXMAYACAQSINIZ!
Son xəbərlərDaha çox