"Ənənəvi dərslər zamanı müəllim və şagird arasında daha canlı ünsiyyət yaranır ki, bu da informasiyanın daha asan və effektiv qavranılmasına imkan yaradır".
Bu fikirləri təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bəzi abituriyentlər online dərslərdə iştirak etsələr də, bu metod hər zaman yüksək nəticə vermir:
"Xüsusilə bölgələrdə yaşayan və paytaxtda dərs deyən müəllimlərin hazırlıq dərslərinə qoşulmaq istəyən abituriyentlər online təhsilə üstünlük verirlər. Lakin internet bağlantısının zəifliyi və ya kəsilməsi səbəbindən dərslərdə davamlı iştirak etmək çətinləşir.
Online dərslərin müəyyən üstünlükləri olsa da və qanunvericilikdə bununla bağlı müvafiq tənzimləmələr mövcud olsa da, onlar ənənəvi dərslərin yerini tam əvəz edə bilmir. Ümumiyyətlə, ənənəvi dərslərə qatılan abituriyentlərin nəticələri, adətən, online dərslərə qoşulanlarla müqayisədə daha yüksək olur. Bununla belə, nadir hallarda online təhsil alan bir-iki nəfər yüksək bal toplaya bilər”, - deyə ekspert vurğulayıb.