“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı və tapşırıq nümunələri yer alıb. Jurnal abituriyentlər üçün nəşr edilsə də, imtahanlardan sonra bəzi namizədlər sualların hansı mövzulardan düşəcəyindən və suallardan xəbərsiz olduqlarını bildirirlər.
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib ki, jurnalla tanış olan abituriyentlər qəbuldakı sualları rahatlıqla işləyə bilərlər:
“Dövlət İmtahan Mərkəzi həm buraxılış, həm də blok imtahanları ilə bağlı “Abituriyent” jurnallarını nəşr edir. Bu jurnallarda qəbul proqramı, mövzular və nümunə suallar barədə geniş informasiya verilir. Lakin jurnal məhdud sayda çap olunduğundan abituriyentlər üçün əlçatan olmur. Əgər tələbat çox olsaydı, tiraj da artırılardı.
Təsəvvür edin, 100 mindən çox abituriyent imtahan verir, amma onların cəmi 5-6 mini jurnalın mövcudluğundan xəbərdar olur. Müəllimlər jurnaldakı məlumatları abituriyentlərə çatdırmağa çalışsalar da, yalnız müəyyən hallarda şagirdlər model testlərlə yaxından tanış ola bilirlər".
Mütəxəssis abituriyentlərə tövsiyə edir ki, “Abituriyent 1” jurnalını kitab mağazalarından əldə edib digər yoldaşları ilə paylaşsınlar:
"Bu yolla daha çox abituriyent jurnaldakı vacib məlumatlardan xəbərdar ola bilər. Orada təqdim edilən informasiyalar, mövzular və test tapşırıqları abituriyentlər üçün olduqca önəmlidir. Bu məlumatlarla tanış olan abituriyentlər imtahan suallarını daha rahat şəkildə cavablandıra bilərlər",- deyə o qeyd edib.