Azedu.az

Təhsil idarəsinin mütəxəssisi tələbə oldu - “Nahar fasilələrində dərs oxuyurdum”

AzEdu Təhsil Platforması

27 Avqust 2026, 11:25
Təhsil idarəsinin mütəxəssisi tələbə oldu - “Nahar fasilələrində dərs oxuyurdum”

Ötən günlərdə ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb.

Qəbul olunanlar arasında Mərkəzi Aran Regional Təhsil İdarəsinin mütəxəssisi Ülkər Məmmədli də yer alıb.

O, Mingəçevir Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasına qəbul olub. 

AzEdu.az bu münasibətlə Ülkər xanımla həmsöhbət olub. 

Qeyd edib ki, öyrəndiyi hər yeni bilik onun dünyagörüşünü genişləndirir və özünü daha yaxşı tanımasına kömək edir:

"2016-cı ildə Yevlax şəhəri Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişəm. Məktəb illərindən təhsilə böyük marağım olub və çalışmışam ki, bütün fənləri yaxşı mənimsəyim. Həmin dövrdə eyni zamanda musiqi məktəbində də təhsil almışam. Musiqiyə olan marağım bu gün də davam edir və düşünürəm ki, musiqi təhsili mənim yaradıcılıq qabiliyyətimin formalaşmasında böyük rol oynayıb.

Sonrakı illərdə də özümü müxtəlif istiqamətlərdə inkişaf etdirməyə çalışmışam. Rəqəmsal sahəyə və dizayna da marağım olub. Yeniyetməlik illərindən etibarən sosial media və müxtəlif dizayn proqramları ilə işləməyi öyrənmişəm və bir çox sahələrdə səhifələri idarə etmişəm (SMM xidməti göstərmişəm) Bu bacarıqlar həm yaradıcılığımı inkişaf etdirib, həm də fərqli sahələrdə özümü sınamağıma imkan verib.

Mənim üçün təhsil yalnız diplom əldə etmək deyil. Hər yeni öyrəndiyim bilik dünyagörüşümü genişləndirir və özümü daha yaxşı tanımağıma kömək edir. Ona görə də təhsil həyatımda həmişə xüsusi yer tutub".

İşdə nahar fasiləsində bir saatlıq dərslərə qoşulur, evə qayıtdıqdan sonra isə qızım yatandan sonra dərslərə vaxt ayırırdım:

"İmtahana çox uzun müddət hazırlaşmaq imkanım olmadı. Buraxılış imtahanına Azərbaycan dili və ingilis dili fənlərindən təxminən iki ay, blok imtahanına isə tarix və coğrafiya fənlərindən bir-iki ay hazırlaşdım.

Hazırlıq prosesində ən böyük çətinliyim vaxtla bağlı idi. İşləyirdim, ailə həyatım və kiçik qızım vardı. Buna görə dərs oxumağa uzun saatlar ayırmaq imkanım olmurdu. İşdə nahar fasiləsində bir saatlıq dərslərə qoşulur, evə qayıtdıqdan sonra isə qızım yatandan sonra, bəzən gecə saat 12-də dərslərimə davam edirdim.

Bəzən dərslərdə iştirak edə bilmirdim. Buna baxmayaraq, müəllimlərimin bir qismi vəziyyətimi anlayışla qarşıladı və mənə böyük dəstək oldu. Onların dediyi bir cümlə belə bəzən motivasiyamı tamamilə dəyişirdi.

Vaxtım məhdud olduğu üçün əsasən müəllimləri diqqətlə dinləyir, vacib məqamları qeyd edir və testləri gecə işləyirdim. Düşünürəm ki, bu proses mənə bir şeyi öyrətdi: insanın qarşısında məqsəd varsa, vaxtın azlığı mütləq maneə deyil. Əsas məsələ mövcud vaxtdan düzgün istifadə etməyi bacarmaqdır.

Nəticədə arzuladığım ixtisasa qəbul oldum. Bu nəticə mənim üçün göstərdiyim bütün zəhmətin qarşılığıdır.

Dövlət və bələdiyyə idarəetməsi uzun müddətdir maraq göstərdiyim və gələcəkdə özümü görmək istədiyim sahələrdən biridir. İdarəetmə, təşkilatçılıq, insanlarla işləmək və qərarvermə prosesləri mənə həmişə maraqlı olub".

Düşünürəm ki, insan gələcəyi ilə bağlı qərar verərkən özünü hansı sahədə daha rahat və faydalı hiss etdiyini nəzərə almalıdır:

"Mən də özümü idarəetmə sahəsində görürəm. Gələcəkdə rəhbər vəzifədə çalışmaq, üzərimə məsuliyyət götürmək və insanlara faydalı olmaq istəyirəm.

Mingəçevir şəhərinin həyatımda xüsusi yeri var. Bu şəhərdə yaşamışam və təhsil almışam. Ona görə Mingəçevir Dövlət Universitetində təhsil almaq həm arzum idi, həm də doğma bir mühitə qayıtmaq kimi hiss olunurdu. Seçimimdə həm ixtisasın maraqlarımı əks etdirməsi, həm də universitetin mənim üçün xüsusi əhəmiyyət daşıması rol oynadı.

Ümumilikdə fənlərin əksəriyyətinə maraqla yanaşırdım və ciddi çətinlik yaşamadım. Xüsusilə Azərbaycan dili üzrə mətnlərlə işləmək mənə maraqlı gəlirdi.

Uşaqlıqda atamla birlikdə krossvord həll etməyi çox sevirdim. Mətnlərdə cümlələrin mənasını və əsas fikri tapmaq mənə bir növ həmin uşaqlıq günlərini xatırladırdı. Düşünürəm ki, bu maraq Azərbaycan dili üzrə hazırlıq prosesində mənə kömək etdi.

Tarix və coğrafiya da maraq göstərdiyim fənlər idi. Bu fənləri öyrəndikcə yalnız imtahana hazırlaşmır, eyni zamanda dünyagörüşümü də genişləndirirdim.

İngilis dili isə bir qədər fərqli idi. Söz ehtiyatım çox geniş deyildi və bu, müəyyən çətinlik yaradırdı. Buna baxmayaraq, əlimdən gələni etdim. Qısa müddətdə mümkün qədər çox söz öyrənməyə və öyrəndiklərimi testlər üzərində tətbiq etməyə çalışdım.

Bu məsələnin ən yaxşı həlli təhsili işimlə düzgün şəkildə planlaşdırmaqdır. Universitetdə qiyabi formada təhsil alacağam və təhsil müddətində qanunvericiliyin imkan verdiyi qaydada təhsil məzuniyyətindən istifadə edərək dərslərimə vaxt ayıracağam.

İş həyatında qazandığım təcrübənin təhsilimi də tamamlayacağına inanıram. Çünki nəzəri bilikləri real iş mühitində tətbiq etmək insanın öyrəndiklərini daha yaxşı anlamasına kömək edir.

Mən artıq bir dəfə göstərmişəm ki, iş, ailə və təhsil kimi məsuliyyətləri eyni vaxtda idarə etmək mümkündür. Əsas məsələ düzgün planlama və məqsəddən vaz keçməməkdir.

Bu təhsil mənim üçün yeni bir başlanğıcdır. Qarşıda öyrənəcəyim çox şey var və istəyirəm ki, bu imkanlardan maksimum istifadə edim.

Bu yolda mənə hər zaman inanan, dəstəyini və sevgisini əsirgəməyən ailəmə, dostlarıma və müəllimlərimə xüsusi təşəkkürümü bildirirəm. Onların mənəvi dəstəyi, xoş sözləri və motivasiyası bu prosesdə mənim üçün çox dəyərli oldu. Bu dəstək çətin anlarda ruhdan düşməməyə, məqsədimə doğru inamla irəliləməyə güc verdi.

Bu uğurda onların da payı olduğunu düşünürəm və hər birinə minnətdaram".

Rusiyadan şok etiraf - Putini altatdılar, əsgərlərimiz qırılır
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox