Beynəlxalq təcrübə göstərir ki, bir çox şirkətlər ali məktəblərdə təqaüd verdikləri tələbələri sonradan dəyərləndirərək, məzun olduqdan sonra öz müəssisələrində işlə təmin edirlər. Bu yanaşma həm gənclərin inkişafına, həm də şirkətlərin gələcək kadr potensialının formalaşmasına xidmət edir.
Azərbaycanda isə sahibkarların ali təhsil müəssisələri ilə əməkdaşlığı hələlik geniş yayılmayıb. Yerli şirkətlər çox vaxt kadr axtarışında ya xarici mütəxəssislərə, ya da xaricdə təhsil almış həmyerlilərimizə üstünlük verirlər.
Bəs, niyə sahibkarlar Azərbaycan universitetləri ilə işləməyə maraq göstərmirlər? Problemin kökü nədədir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanlı bildirib ki, ölkəmizdə bir sıra şirkətlər, xüsusilə mobil rabitə, neft və bank sektoru tələbələr üçün təqaüd proqramları həyata keçirir:
“Düzdür, təqaüd verilən tələbələrin sayı çox deyil, amma bu təşəbbüslər alqışalayiqdir. Həmin şirkətlər bu yolla həm gənclərə dəstək olur, həm də gələcək əməkdaşlarını seçirlər. Təqaüd alanların bir qismi məzun olduqdan sonra xaricdə təhsilini davam etdirir, bəziləri isə həmin şirkətlərdə işə qəbul olunur. Bu, dünyanın bir çox ölkəsində tətbiq olunan modeldir. Düşünürəm ki, digər şirkətlər də bu istiqamətdə fəallaşmalıdır. Təqaüd verməyi yalnız işçi axtarışı kimi yox, sosial məsuliyyət kimi dəyərləndirmək lazımdır".
Həm dövlətlər, həm də müxtəlif beynəlxalq şirkətlər tərəfindən maliyyələşdirilən xaricdə təhsil proqramları azərbaycanlı gənclərə geniş imkanlar yaradır:
“Bu proqramlar müsbət nəticələr verir. Xaricdə təhsil alan tələbələr ikinci diplom əldə etməklə yanaşı, beynəlxalq şirkətlərdə təcrübə keçirlər. Lakin əsas məqsəd bu gənclərin sonradan ölkəyə qayıtmasını təmin etmək olmalıdır. Onlar bizim insan kapitalımızdır. Hazır mütəxəssisə dünyada böyük tələbat var, xüsusilə mühəndislik və tibb sahəsində. Buna görə də bacarıqlı gəncləri itirməməliyik".
Xaricdə təhsil alanların dövlət və özəl sektorda vəzifələrə cəlb olunması müsbət haldır, lakin bu prosesdə ayrı-seçkilik olmamalıdır:
“Xaricdə və ya ölkədə təhsil almış şəxslər işə qəbul zamanı eyni meyarlarla qiymətləndirilməlidir. Sahibkarlar bəzən xaricdə oxuyanları daha təcrübəli hesab edir, amma bu, həmişə belə deyil. Azərbaycan universitetlərində təhsil almış və xaricə getmək imkanı olmayan, lakin yüksək bilik və bacarıqlara malik gənclərimiz də çoxdur. Yaxşı kadrın əsas göstəricisi savad, analitik düşüncə və peşə bacarığıdır".
İstedadlı və savadlı kimdirsə, təhsil aldığı yerə görə deyil, qabiliyyətinə görə seçilməlidir:
“Dövlətin məqsədi xaricdə təhsil alan gənclərin ölkəyə qayıdıb burada fəaliyyət göstərməsini təmin etməkdir. Amma bu, yerli təhsilin arxa planda qalmasına gətirməməlidir. Seçim zamanı əsas meyar bacarıq və təcrübə olmalıdır. Unutmayaq ki, həm ölkədə, həm də xaricdə təhsil alanlar Azərbaycan vətəndaşlarıdır və hər biri ölkəmizin inkişafına töhfə verir".