“Bir dəfəylə heç nə olmur”...
Çoxlarının həyatını alt-üst edən o cümlə, əslində, təhlükənin ilk addımıdır. Narkotik asılılığına aparan yol da məhz həmin “bir dəfə” ilə başlayır, sonu isə çox vaxt fəlakətlə bitir.
AzEdu.az təlimçi ekspert Emil Maqalovla müsahibəni təqdim edir.
- Dünyada narkotik asılılığından əziyyət çəkənlərin neçə faizi gənclərdir?
- 2023-cü ilə qədər dünyada təxminən 430 milyon nəfər narkotik asılısı kimi qeydiyyata alınıb. Bu, məsələnin yalnız rəsmi tərəfidir. Müalicədən və məsuliyyətdən yayınan şəxsləri də nəzərə alsaq, real rəqəmin bunun ən azı 10 qat çox olduğunu demək olar. Təəssüf ki, bu “ordu”nun təxminən 70 faizini məhz gənclər təşkil edir.
- Bəs, Azərbaycanda vəziyyət necədir?
- Onlarla daim təmasda olan biri kimi deyə bilərəm ki, hazırda Azərbaycanda vəziyyət nisbətən yaxşıya doğru dəyişir. Asılı şəxslərin bir qismi müalicə olunub, bəziləri həbs edilib, bir hissəsi isə artıq həyatda deyil.
Bununla belə, narkotik istifadəsi müəyyən mənada “adiləşib”. El arasında “şüşə”, “patı” kimi tanınan metamfetaminin istifadəsi getdikcə asanlaşıb. Əvvəllər istifadə olunan maddələrə çıxış çətin idi, indi isə vəziyyət tam əksinədir.
- Sosial media gənclərə təhlükəli nümunələri həm bir qədər “maraqlı” göstərir, həm də normal qəbul etməyə səbəb olur. Bu fikrə münasibətiniz necədir?
- Nəinki sosial media, bəzən keçirilən maarifləndirici tədbirlər də təhlükə mənbəyinə çevrilə bilir. Əlbəttə, bu tədbirlər xeyir məqsədilə, maarifləndirmə üçün təşkil olunur. Lakin nümayiş etdirilən qısametrajlı filmlər və səhnələşdirilmiş səhnələr bəzən risk yaradır. Çünki təşkilatçılar onların gənclərin şüuraltısına ötürdüyü siqnalları nəzərə almırlar. Belə hallarda mütləq sahənin mütəxəssisləri ilə məsləhətləşmək vacibdir.
Sosial şəbəkələrdə isə bəzən “pulun varsa, narkotik asılılığından xilas ola bilərsən” kimi yanlış fikirlər səslənir. Halbuki bu, maddiyyatla deyil, daha çox insanın yaşadığı sosial mühitlə bağlı məsələdir.
Məlumatlara görə, narkotik asılılığından xilas olanların sayı cəmi 20 faiz təşkil edir. Qalan 80 faiz üçün isə bu, demək olar ki, mümkün deyil. Çünki bu gün istifadə olunan maddələr təbii deyil, kimyəvi tərkiblidir və bu asılılıqdan qurtulmaq çox çətindir.
Bu fikirləri deməyimdə məqsəd odur ki, gənclərin qulağında “istifadə et, sonra pulunla sağalarsan” kimi düşüncələr dolaşır. Bu isə tamamilə yolverilməzdir.
- Narkomaniya bir gün sona yetə bilərmi? Yaxud övladlarımızı bu bəladan uzaq tutmağın konkret bir yolu varmı?
- Xeyr. Dünyanın elə bir nöqtəsi yoxdur ki, ora bundan əziyyət çəkməsin. Övladlarımızı bu bəladan uzaq tutmağın tək konkret yolu düzgün planlaşdırılmış təlimlər, maarifləndirmə tədbirləridir.