Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 18:00:00
MİQ: Ötən il 35 bal yığdı, bu il isə  95 - Uğurun sirri...  + Müsahibə  

 

 

 

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsinin ilk günündə ən yüksək nəticə qeydə alınıb.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, dünən MİQ imtahanlarının ikinci seansında kimya fənni üzrə namizədlər arasında ən yüksək nəticə əldə edən Rəqsanə Həsənova olub. O, 95 bal toplayıb.

 

AzEdu.az Rəqsanə müəllimə ilə əlaqə saxlayaraq, təəssüratlarını öyrənib:

 

- İmtahan haqqında təəssüratınız necədir?

 

- Kurikulum ixtisasa nisbətən çətin düşmüşdü, amma o qədər də mürəkkəb suallar deyildi. İmtahanın bitməsinə yarım saat qalmış artıq yazıb yekunlaşdırmışdım. Sonra yazdıqlarıma dönüb bir də baxdım, yoxladım. Zamanla bağlı problemim olmadı. Nəzərə alsaq ki, kimya fənnində həm nəzəriyyə, həm də hesablama var, suallar daha çox vaxt aparır.  Vaxtın 2 saat yarım olması çox yaxşıdır. Birinci kurikulum suallarından bildiklərimi sonra ixtisası yazdım.

 

- Bu nəticəni gözləyirdiniz?

 

- Düzü, keçən il də imtahanda iştirak etmişdim. O vaxt hazırlaşmamışdım, sadəcə məqsədim imtahan prosesi ilə tanış olmaq idi. Səhv xatırlamıramsa, 35 bal toplamışdım.

 

- Hansı sualda səhv etmişdiniz?

 

- Ümumilikdə 2 səhvim var idi, lakin sona qədər qalmadığım üçün hansı suallar olduğunu bilmədim.

 

- İmtaha necə hazırlaşırdınız?

 

- Noyabr ayından bəri ciddi hazırlaşırdım. Öncə kursla hazırlaşdım sonra fərdi müəllimlə.

 

- Hansı məktəbi seçməyi planlaşdırırsınız?

 

- Bakıdakı kimya-biologiya təmayüllü məktəbdə vakansiya olarsa, oranı seçmək istəyərəm.

 

- Son olaraq imtahanda iştirak edəcək müəllimlərə yüksək nəticə əldə etmələri üçün tövsiyələriniz nələrdir?

 

- Əsas məsuliyyətli hazırlaşsınlar və özlərini imtahanda idarə edə bilsinlər. İnsan stressə düşəndə özünü itirir, mən də bir ara bunu yaşadım. Sonra özümü toplarlaya bildim. Sadəcə özlərini nəticəyə yox, sualları cavablandırmağa kökləsinlər.