Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 15:35:00
“Müəllimlə bağlı videonun yayılması düşünülmüş hərəkət ola bilər” - EKSPERT  

İki gündür sosial şəbəkələrdə Xırdalan şəhərindəki 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva ilə bağlı video və fotoşəkillər tirajlanır.

IV sinfi bitirən şagirdlərin valideynləri tərəfindən sinif rəhbərinə bahalı zinət əşyaları - qızıl üzük və sırğa hədiyyə olunması müəllimi hədəfə çevirib. Müzakirələrə qoşulanların əksəriyyəti deyirlər ki, müəllim bu hədiyyələri qəbul etməklə həmkarlarının nüfuzunu aşağı salıb.
 

İctimaiyyətdə rezonans doğuran hadisəyə Abşeron-Xızı Regional Təhsil İdarəsi də münasibət bildirməyə məcbur olub:


“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü sinfin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş videogörüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq. 
Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”.


Bəs baş verənlərə görə əsl günahkar kimdir: müəllim, valideyn, yoxsa məktəb rəhbərliyi?

 

Təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında deyib ki, hazırki mənzərədə nə müəllimə, nə də valideynə haqq qazandırır.

 

“Dünyanın hər yerində hədiyyə almaq da var, vermək də. Azərbaycan cəmiyyətində hədiyyə adı altında daha böyük işlər görülür, amma bunu heç görüb-bilən yoxdur. Mən hazırki mənzərədə nə müəllimə, nə də valideynə haqq qazandırıram. Ona görə ki, müəllimin hədiyyəni qəbul edən tərəf olaraq bunu şagirdlərin qarşısında belə hay-küylə, təmtəraqla alması yolverilməzdir. Bu müəllim etikasına da sığmaz”.  

 

Ekspertin fikrincə, hədiyyənin məhz belə, nümayişkəranə verilməsi bu hədiyyənin səmimi qəlbdən alındığını şübhə altına alır:

 

“Hədiyyə vermək həqiqətən də valideynin səmimi qəlbdən, ürəyindən gələrək etmək istədiyi bir şeydirsə, 4 il boyunca övladlarınıza göstərdiyi qayğıya görə minnətdarlıq etmək istəyirdinizsə, bunu niyə məhz nümayişkəranə şəkildə, şagirdlərin gözü qarşısında, videolentə alaraq edirsiniz? Axı bu müəllim reputasiyasını aşağı salan davranışdır”.

 

No description available.

M.Məmmədli videonun sosial şəbəkələrdə yayılmasının düşünülmüş hərəkət olduğunu hesab edir:

 

“Bu faktları nəzərə alsaq, mən fikirləşirəm ki, videonun sosial şəbəkələrdə yayılması düşünülmüş davranış da ola bilər. Sözügedən hadisə təhsil idaredicilərinin, Regional Təhsil İdarəsinin, məktəb direktorunun işinə kölgə salmaq üçün atılmış bir addım da ola bilər. Mahiyyətini tam bilmirik. Ancaq mən o qədər də inanmıram ki, bu təsadüfi bir hadisədir.
Qeyd edim ki, dünən Xırdalandakı başqa bir məktəbdən oxşar hadisənin videosu paylaşılıb. Niyə hər iki epizodda eyni rayonun məktəbində belə bir məsələ meydana gəlsin?!”.

 

Müsahibimiz son olaraq bəxşiş verilməsinə qarşı olmadığını, hətta müəllimin əməyini qiymətləndirmək üçün hədiyyə verməyin normal hal olduğunu qeyd edir.

 

“Mən hədiyyə verilməsinə qarşı deyiləm. Özüm də yeri gəldikdə müəllimin əməyini qiymətləndirmək üçün tamamilə minnədarlıq məqsədilə, səmimi şəkildə ürəkdən gəldiyi üçün hədiyyə vermişəm. Hesab edirəm ki, hədiyyə alıb-verməkdə qəbahət yoxdur. Əlbəttə ki, qanunla müəyyən olunmuş mədudiyyətləri nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, bu məsələ sosial şəbəkələrdə geniş yer aldı. Bəzi saytlar bunu manşetə daşıdı”.