Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-24 15:45:00
UNEC ilə Türkiyənin Yaxın Şərq Texniki Universiteti arasında əlaqələr genişlənir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) işçi qrupu müxtəlif sahələrdə təcrübələrin araşdırılması məqsədilə akademik səfər proqramı çərçivəsində Türkiyənin Yaxın Şərq Texniki Universitetində (ODTÜ) ezamiyyətdə olub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, işçi qrupu ODTÜ Dizayn fabrikinin təcrübəsi ilə tanış olub, Mühəndislik fakültəsinin müəyyən ixtisas proqramları üzrə magistratura səviyyəsində ikili diplom proqramlarının tətbiqinin mümkünlüyü və bakalavr səviyyəsində təhsil alan UNEC tələbələrinin müəyyən fənləri ODTÜ-də dinləmələri barədə fikir mübadiləsi aparıb, Sənaye məhsulları dizayn kafedrasında tədrisin təşkilini yaxından izləyib.

 

Proqramın ikinci günündə isə işçi qrupu UZEM (Distant təhsil mərkəzi), Keyfiyyətin idarə olunması və Akkreditasiya, ODTÜ Tədqiqatlar koordinatorluğu tərəfindən həyata keçirilən işlərlə, İnformasiya və əməliyyatlar mərkəzində (Computer Center) işin təşkili və professor Kürşat Çağıltay tərəfindən əsası qoyulan Təhsil texnologiyaları laboratoriyasında aparılan tətbiq yönümlü tədqiqatlarla tanış olublar.

 

UNEC nümayəndə heyəti ODTÜ-nün rektoru professor Mustafa Verşan Kök ilə görüşüb. Tərəflər magistratura səviyyəsində mühəndislik ixtisaslarında ikili diplomların tətbiqi və bakalavr səviyyəsində UNEC tələbələrinin ODTÜ-də müəyyən fənləri dinləməsi barədə təşəbbüslərin reallaşdırılması, distant təhsil, keyfiyyətin idarə olunması və akkreditasiya, gənc müəllimlərin tədris prosesinə və akademik mühitə orientasiyasının təşkili sahələrində ODTÜ təcrübəsinin UNEC-də tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb, qeyd olunan sahələrdə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə edilib.