Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-11 13:18:00
ABŞ-ın təhsil proqramının  finalçısı –“Mütləq ölkəmizə qayıdacağam”-MÜSAHİBƏ

 

Gənclərimizin təhsil sahəsində uğurları davam edir. Son olaraq bir neçə tələbə və məktəblimizin ard-arda xarici ali təhsil müəssisələrinə qəbul alması xəbərləri cəmiyyətdə rəğbətlə qarşılandı.

 

Belə gənclərimizdən biri də Nəzrin Hüseynlidir. Nəzrin, hazırda UNEC-in SABAH mərkəzinin tələbəsidir. O, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun ABŞ İnstitutlarının Öyrənilməsi (SUSI) proqramının ölkə üzrə 4 finalçısından biri seçilib.

 

AzEdu.az-a açıqlamasında proqramın detallarından danışan Nəzrin, gələcək planlarını da bizimlə bölüşüb.

 

Əvvəlcə onu tanıyaq...

 

“Hüseynli Nəzrin, 2002-ci ildə Gəncə şəhərində anadan olmuşam, ümumi orta təhsilimi burada yerləşən 4 nömrəli orta məktəbdə başa vurmuşam. Daha sonra 584 balla UNEC-in Mühasibat uçotu və audit ixtisasına qəbul oldum. Tədrisim rus dilində idi, II kursda artıq SABAH-a imtahan verdim və bura keçdim. Bu yaxınalara kimi “Ekvita” şirkətində təcrübəçi mühasibatçı olaraq çalışırdım, ancaq daha orada fəaliyyət göstərmirəm”.

 

No description available.

 

-Proqram haqqında bir az danışardınız. Necə oldu ki, iştirak edib, finalçılardan biri kimi seçildiniz?

 

-Proqram haqqında elanı ilk olaraq ABŞ səfirliyinin saytında gördüm və müraciət etməyi düşündüm. Hətta müraciətim qeyd edilən son tarixdə oldu. Nəticənin belə olacağını təxmin etməmişdim. Əsas seçim esse mərhələsində oldu və müraciət edənlərin çoxu bu mərhələdən keçə bilmədi. Sonrakı mərhələ isə müsahibə idi. İlk mərhələni tamamladıqdan təxminən bir həftə sonra müsahibə mərhələsi baş tutdu. Bu mərhələdə 3 nəfər iştirak edirdi, səhv etmirəmsə, iki nəfər Amerikadan, bir nəfər isə ABŞ səfirliyinin nümayəndəsi idi.

Müsahibə haradasa, 15-20 dəqiqə çəkdi, 2-3 həftə sonra da nəticələr açıqlandı.

 

-Maraqlıdı, sizinlə birlikdə tədqiqata yollanacaq namizədlərlə artıq tanışsınız?

 

-Dörd finalçı və bir alternativ namizəd seçildi. Dünən finalçılardan biri mənimlə əlaqə saxladı. Böyük ehtimal, ünsiyyət qurub, tədqiqata birlikdə yollanacağıq.

 

-Təhsilinizlə bağlı gələcək planlarınız nələrdir?

 

-Təhsilimi maliyyə sektorunda davam etdirmək istəyirəm. Hətta xaricdə təhsil almaq üçün hazırda IELTS-ə hazırlaşıram. Almaniya yaxud, İngiltərə ali təhsil müəssisələri bu istiqamətdə diqqətimdədir. Amma təhsil müddətini başa vurduqdan sonra mütləq şəkildə ölkəmizə qayıtmağı düşünürəm.

 

-İxtisasınızın ölkəmizdə inkişaf dinamikasını necə dəyərləndirirsiz? Bu sahədə uğurlu karyera üçün hansı vacib amillər var?

 

-Hazırda mühasibat sektorundayam və düşünürəm ki, bu sahədə müəyyən şəkildə inkişaf var. Beynəlxalq ACCA sertifikatları var, mən və digər tələbə tanışlarım indidən bu sertifikatları əldə etmək üçün çalışmağa başlamışıq. Bu sertifikatı tələbəlik müddətində əldə etmək çox vacib amildir, xaricə yollandığım zaman iş tapmaq və digər istiqamətlərdə mənə çox böyük köməyi olacaq. Beynəlxalq şirkətlərdə işləmək üçün çox vacib amillərdən biridir. Nəticə olaraq bu sahədə kifayət qədər inkişafın olduğunu düşünürəm.