Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 15:11:00
Misirin daha bir universitetində Azərbaycan dilinin tədrisi davam edir  

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Qahirə Universitetindən sonra bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağında Azərbaycan dilinin tədrisini davam etdirir.

 

AzEdu.az xəbər verir ki, əl-Əzhər Universitetində Azərbaycan dilini cəmiyyətin fəal üzvü İnarə Osmanova tədris edir. Bu ali təhsil ocağının Humanitar fənlər fakültəsinin türk dili bölməsində birinci və ikinci kurslarda təhsil alan tələbələr dilimizin öyrənilməsinə böyük maraq göstərirlər.

 

İ.Osmanova artıq beş ildir ki, bu ali təhsil ocağında ana dilimizi könüllü şəkildə misirli və müxtəlif ölkələrdən gəlmiş tələbələrə öyrədir. O, həmçinin altı ildir ki, Qahirədəki Azərbaycan diaspor mərkəzində minlərlə tələbəyə Azərbaycan dili və ədəbiyyatını tədris edib. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.

 

Bu il əl-Əzhər Universitetində Azərbaycan dili dərslərində 204 tələbə iştirak edir. Dilimizə böyük maraq göstərən gənclər onu təkmilləşdirmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün əlavə kurslar təşkil olunacaq.

 

Qədim tarixi olan – 975-ci ildə təsis edilmiş əl-Əzhər Universiteti dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə 115 ölkədən 500 mindən çox tələbə təhsil alır.

 

Azərtac