Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 12:36:00
Beynəlxalq bacarıq yarışlarının bağlanış mərasimi keçirilib

WorldSkills Asia tərəfindən 13 bacarıq istiqaməti üzrə 26 müxtəlif ölkədən olan 122 müsabiqəçinin və 185 mütəxəssisin iştirakı ilə onlayn formatda keçirilən beynəlxalq bacarıq yarışına yekun vurulub. WorldSkills Azerbaijan platforması qismində ilk dəfə Azərbaycanın təmsil olunduğu beynəlxalq bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə müvafiq olaraq mübarizə aparan müsabiqəçilər Kamil Səlimli və Hüseyn Qəmbərov uğurla iştirak edib, eləcə də beynəlxalq sertifikatla təltif olunublar.

 

AzEdu.az xəbər verir ki, “Kiber təhlükəsizlik” istiqaməti üzrə təmsilçimiz Hüseyn Qəmbərov “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yaxşı nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub.

 

Hər iki təmsilçi ötən ay müvafiq bacarıq istiqamətləri üzrə ölkə səviyyəsində keçirilmiş yarış və seçim turunda yüksək nəticə göstərməklə beynəlxalq yarışda iştirak etmək hüququ qazanıblar.

 

Sözügedən yarışda təmsilçilik "WorldSkills" çətiri altında təşkil olunacaq gələcək bacarıq yarışlarında iştirak üçün əhəmiyyətli təcrübə hesab olunur, eləcə də müsabiqəçilərin bu qəbildən olan yarışlara hazırlıq səviyyəsinin yoxlanılması üçün mühüm rol oynayır.

 

Qeyd edək ki, Azərbaycan gələn ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək "WorldSkills" hərəkatının ən ali tədbiri olan “Shanghai2022” bacarıq olimpiadasında üç bacarıq istiqaməti üzrə təmsil olunacaq.

 

WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən "WorldSkills" hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan "WorldSkills" hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.