https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-12 10:49:00
Dövlət İmtahan Mərkəzi iyunun 17-dən etibarən onlayn apellyasiya təşkil edəcək  

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 9-10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən apellyasiya təşkil ediləcək.

DİM-dən bildirilib ki, apellyasiya iyunun 17-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) keçiriləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 14-16-da DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.

Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.