https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-30 15:45:00
Toronto məktəbliləri Respublika Günü münasibətilə xalqımızı təbrik ediblər  

Kanadada Azərbaycan dilinin tədrisi ilə məşğul olan həmyerlimiz Yeganə Cəfərovanın rəhbəri olduğu Torontoda Azərbaycan dili sinfinin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə xalqımıza təbriklərini çatdırıblar.

 

AzEdu.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, şagirdlər təbrik çıxışlarında 28 may tarixinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü olduğunu, 1990-cı ildən bu şanlı tarixin dövlət bayramı kimi qeyd edildiyini bildiriblər.

 

Şagirdlər Azərbaycan şairləri Solmaz Şirinin “Azərbaycanım”, Sədaqət Əhmədovanın “Azərbaycan”, müasir Azərbaycan şeirinin görkəmli nümayəndələri Əhməd Cəmilin “Vətən” və Hikmət Ziyanın “Anamız Azərbaycan” şeirlərindən parçalar səsləndirib, Məmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də “Amerikanın Səsi” radiosu vasitəsilə Azərbaycan xalqına xitabından götürülmüş “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” sözlərini söyləyiblər.

 

Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş videomaterial hazırlanıb.

 

Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən ingilis dilində hazırlanan materialda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi barədə ətraflı məlumat verilib. Bu nailiyyətin xalqımızın uzun illər apardığı milli azadlıq mübarizəsi, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəylinin və Cümhuriyyətin digər qurucularının fədakar fəaliyyəti nəticəsində əldə olunduğu nəzərə çatdırılıb. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin nail olduğu uğurlar sadalanıb, 70 il sovet əsarətində qalan xalqımızın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi xatırlanıb.(Azərtac)