Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 13:19:00
“Ucqarlarda yaşayan 1000-dən çox şagirdin problemini həll edəcəyik” -baba.az iş başında

 

 

“Bizim  bir  nömrəli hədəfimiz azgəlirli ailələrdən olan uşaqlardır. Hal-hazırda 3 günə 1000-dən çox insan bu layihəyə qoşulub”.

 

 

Bu sözləri  Azedu.az-a baba.az  saytının rəhbəri Fərhad  Ələkbərzadə deyib.  O, qeyd edib ki, builki kampaniya  təhsilə dəstək xarakteri daşıyır.

 

Baba.az qeyri-hökümət təşkilatı hər Yeni il ərəfəsində ucqar kəndlərdə yaşayan uşaqları sevindirir.  Bu il isə mövcud vəziyyətə görə təşkilatın proqramında müəyyən dəyişiklik olub:

 

 

“Doğrudur, hər il Yeni il ərəfəsində ucqar kəndlərdə yaşayan uşaqlara dəstək üçün sosial kampaniya keçiririk. Bu layihə ilə uşaqları təhsilə motivasiya etməyə çalışırıq. Builki planımız ötən ilkinə nisbətən bir qədər dəyişdi. Mövcud pandemiya dövründə məktəblər bağlıdır deyə, demək olar ki, bütün dünya onlayn təhsil metoduna keçib. Lakin ucqar kəndlərdə yaşayan ailələrin bəzən internetə çıxışları, bəzən də texniki qurğuları olmur ki, onlar bu imkandan yararlansınlar. Məsələn, 2-3 uşaq olan ailələrdə 1 smartfon varsa, deməli, 1 uşaq dərs oxuya bilir. Mən hələ 4, 5, 6 uşağı olan ailələri demirəm. Bu səbəbdən biz iki istiqamətdə işlərə başladıq:

 

Birincisi,  uşaqlar üçün texniki qurğuların təşkil olunmasıdır. Əlbəttə, bu maddi cəhətdən çox çətin olduğu üçün Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizin istifadə etmədiyi qurğuları toplayaraq, sistemini yeniləyib bazada toplayırıq, sonra bu kəndlərdə yaşayan uşaqlara təhsil üçün istifadə etməyə verməyi düşünürük.

 

İkincisi isə “Azercell” şirkəti bu günlərdə təhsil üçün 10 AZN 100 GB paketini elan etdi. Biz indi internet paketi almağa çətinlik çəkən ailələrin siyahısını toplayırıq. Bu ailələr ucqar kəndlərdə yaşayan insanlardır. Paralel olaraq sosial şəbəkə üzərindən insanlara çağırış etdik ki, hərəsi 1 uşağın təhsil alması üçün internet xərcini ödəsin. Artıq 1000-dən çox insan bu aksiyaya qoşulub.

 

Yəni heç olmazsa, 1000-dən bir qədər çox uşağın internet problemini həll etmiş olacayıq”.

 

Müsahibimizin sözlərinə görə, az müddətə xeyli sayda insan  kampaniyaya dəstək verib və  imkan olduqca bu rəqəmlər  artırıla bilər:

 

“Ehtiyacı olan uşaqların siyahısını bu ucqar kəndlərdə müəllim işləyən layihə üzvlərimiz hazırlayır. Onlar məktəbdə olan uşaqları yaxşı tanıdığı üçün bu imkanı yarada bilirlər.

 

Bizim bir nömrəli hədəfimiz azgəlirli ailələrdən olan uşaqlardır. Hal-hazırda 3 günə 1000-dən çox insan bu layihəyə qoşulub. Əslində, hal-hazırda uşaqların valideynlərini və dəstəkçilərini bir-biriləri ilə əlaqələndirmək üçün xüsusi alqoritmli sistem yazırıq. Çünki 1000-dən çox  insanı bir-biri ilə əlaqələndirmək adi üsullarla həftələrlə vaxt alar. Düşünmürəm ki, bu rəqəm azdır. Əslində bizim kimi qeyri-hökümət layihəsinin belə rəqəmlərə çıxması inanılmaz görünür. İmkan olduqca sayı get-gedə qaldıracayıq”.

 

 “Düşünürəm ki, eyni zamanda Təhsil Nazirliyi bu məsələyə diqqət ayırmalı və belə ailələrə dəstək olmalıdır. Çünki bizim kimi təşkilatlar bütün Azərbaycanı əhatə də bilməz”- deyə sosial kampaniya rəhbəri F.Ələkbərzadə sözlərinə əlavə edib.