https://www.zirve.edu.az/
27.10.2020 15:59
Füzuli rayonu tarixi-dini abidələrlə zəngindir

Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərimiz Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində azad olunur. İşğaldan Füzuli şəhəri və rayonunun bir sıra kəndləri də azad edilib.

 

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasında rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsini (XIII əsr), Aşağı Veysəlli kəndində Mirəli türbəsini (XIV əsr), Əhmədalılar kəndində orta əsrlər qəbiristanlığındakı türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini qeyd etmək olar.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov bildirib.

 

M.Əmrahov qeyd edib ki, Füzuli rayonunun Qarğabazar kəndinin mərkəzindəki karvansaranın tarixi XVII əsrə gedib çıxır. 1681-ci ildə inşa olunmuş karvansaranın eni 23,7 metr, uzunluğu 34,7 metrdir. Tarixdə Qarğabazar karvansarası, bəzən Şah Abbas karvansarası adı ilə xatırlanan bu məkan Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Qarğabazar kəndində Şah Abbas məscidi adlandırılan Hacı Qiyasəddin məscidi də var. Məscidi 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində anadan olmuş Hacı Qiyasəddin Ağa Dizaği tikdirib. Məscid tarixi abidə kimi qorunur.

 

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbəlayı Səfixan tərəfindən 1889-1890-cı illərdə tikilib. Şəhərin Ermənistan tərəfindən işğalı zamanı məscid yararsız hala düşüb.

 

Rayonun Aşağı Veysəlli kəndində Mirəli türbəsi var. Türbənin Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Bundan başqa rayonda Qoçəhmədli, Qacar, Dədəli, Mərdanlı, Böyük Bəhmənli, Yuxarı Veysəlli, Aşağı Diləğarda, Gecəközlü, Qorqan, Bəy Pirəhmədli kəndlərində XIX əsrə aid məscid binaları olub. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, Aşağı Aybasanlı kəndindəki Şeyx İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi və XII əsr qəbiristanlığı, Qoçəhmədli kəndindəki XVII əsrə aid məscid və yaşayış binası, Horadiz qəsəbəsindəki XIX əsrə aid məscid və İmamzadə türbəsi, Qacar, Böyük Pirəhmədli, Mehdili kəndlərindəki XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, həmçinin 10-dan yuxarı kurqan tipli arxeoloji abidə erməni vandalları tərəfindən dağıdılıb.

 

Rayonun əhalisi Qoçəhmədli kəndindəki Məngələn ata piri, Dilgəradə kəndindəki Mirami piri, Aşağı Aybasanı kəndindəki Palıd ocağı, Böyük Bəhmənli kəndindəki İmamzadə ocağı və b. ziyarətgah hesab edirlər. Füzuli şəhərindəki Hamam (XIX əsr), Saracıq kəndindəki Alı körpüsü (XIX əsr) və Kərəm körpüsü (XIX əsr), Sandığabənzər başdaşı (1624-1625-ci illər), Əhmədalılar kəndindəki Şah Abbas karvansarayı, Aşağı Veysəlli kəndindəki Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər), Horadiz qəsəbəsindəki Oğuz qəbri tarixi memarlıq abidələri hesab olunur. (Azərtac)