Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 11:45:00
“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun ilk sessiyası baş tutdu  

“Google” şirkətinin Bakı Mühəndislik Universiteti (BMU) üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Student Clubs) ilk onlayn sessiyası keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, klubun BMU üzrə yerli bölməsinin rəhbəri, universitetin Kompüter mühəndisliyi ixtisasının magistr tələbəsi Kənan Yusubov “Google” şirkəti tərəfindən hər il ərzində müəyyən rəhbərlərin seçilməsi ilə formalaşan və universitetlərin nəzdində fəaliyyət göstərən proqramçı tələbələr klubu haqqında məlumat verib. Bildirib ki, klubun əsas məqsədi universitet tələbələrini, bu klubla maraqlanan şəxsləri, həmçinin yuxarı səviyyəli proqramçı tələbələri bir araya toplamaq, onlar arasında kommunikasiya yaratmaq, müəyyən layihə üzərində işləmək, tədbirlər keçirmək və həmin tələbələrin biliyinə müəyyən töhfə verməkdir. O, komandanın strukturu haqqında danışaraq ümumi fəaliyyət istiqamətləri haqqında da məlumat verib. Klub rəhbəri qeyd edib ki, qlobal layihəyəyə qoşulmaqla tələbələr dünyanın müxtəlif universitetlərində fəaliyyət göstərən rəhbərlərlə birbaşa əməkdaşlıq etmək, əlaqə yaratmaq və onların təcrübələrindən yararlanmaq imkanı qazanacaqlar.

 

BMU-nun İnnovasiya mərkəzinin müdiri, klubun fakültə məsləhətçisi Elçin Yusubov layihənin ölkəmizdə ilk dəfə həyata keçirildiyini vurğulayıb. O, formalaşacaq komanda üçün universitetdə xüsusi otaq ayrıldığını və lazımi kompüter avadanlıqları ilə təchiz olunduğunu sözlərinə əlavə edib. E.Yusubov klubun BMU-da yaradılmasında verdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkür edib və komandanın işinə uğurlar arzulayıb.

 

BMU üzrə Proqramçı Tələbələr Klubuna qoşulmaq üçün https://docs.google.com/forms/d/e/1FAIpQLSfJr2_J6yotm7ZaU1dGUQtXOuKUNH0E42nYPadlXjDQ6GXtKw/viewform linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Son qeydiyyat tarixi isə 5 oktyabr 2020-ci ildir.

 

Xatırladaq ki, BMU üzrə Google Proqramçı Tələbələr Klubu haqqında yeni məlumatlar əldə etmək üçün maraqlanan şəxslər https://dsc.community.dev/baku-engineering-university/ linkinə daxil olaraq qeydiyyatdan keçə və kluba qoşula bilər. Bundan əlavə klubun  feysbuk səhifəsini (https://www.facebook.com/dsc.beu) izləyərək yeni informasiyalar əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi