https://www.zirve.edu.az/
23.05.2020 16:31
Kim yaxşı dədəsini sizə verəcək? - Rəsulzadə ilə Nərimanovu söyənlərə
Çap et

XXI yüzilliyin ilk 20 ilini geridə qoyuruq. Tale elə gətirdi ki, yaşadığımız dünyanın sifəti tamam dəyişdi.

 

Bir azdan alimlər Yerin kürə formasında olmadığını sübut etsələr, təəccüblənməyin.

Müasir insan yalnız şəkil olaraq əvvəlkidir. Qabaqkı dəyərlərin heç birində dəyər qalmayıb.

 

İnsanlar vecsizləşib. Yoxsa kişi kişi ilə niyə evlənsin ki…

Qəbul etsən də belədir, etməsən də.

 

Daha heç bir insana keçmişi lazım deyil. Çünki keçmişin önəmi qalmayıb. Sənin babanın kim olması daha sənə heç nə vermir.

Tarix önəmsizləşib. Yoxsa dünyanın tarixi mərkəzi hesab edilən İraq niyə viran edilirdi ki…

 

Yoxsa ermənilər Azərbaycanın tarixi şəhəri Şuşada niyə parlament qurmaq istəsinlər ki…

Amma hələ də Azərbaycan adamı, Azərbaycan aydını Rəsulzadə ilə Nərimanovu müzakirə edir. Hansının xalq adamı, hansının xalq düşməni olduğunu araşdırır, bilən də, bilməyən də danışır, yazır, söyür...

Şübhə yoxdur ki, bu müzakirələrə haqq qazandıran olacaq, bəs, hər kəs kimin kim olduğunu bilməlidir, nə bilim, gələcək nəsil yanlışlıqlardan ibrət görürməlidir...

 

Başa düşürsünüz, biz XXI yüzilliyin ilk 20 ilini geridə qoyuruq.

Nərimanov da, Rəsulzadə də bizim millətin nümayəndəsidir, bu topluma rəhbərlik ediblər.

Heç kim yaxşı dədəsini gətirib sizə verəsi deyil. Olanımız onlardır.

Müzakirələrinizə, daha doğrusu söyüşlərinizə baxdıqca, adamın bu millətə, özünə yazığı gəlir, məyusluq bütün varlığını bürüyür...

 

Bilirsiniz niyə, Azərbaycana diş qıcayan qüvvələr zatən millət olaraq özgüvənimizin olmamasına, müstəqilliyi xalqın gözündən salınmasına çalışırlar, milli təfəkkürü, ideologiyanı sıradan çıxarıb, milləti məhv edəcək istiqamətə yönəldirlər, biri-birimizi qəbul etməmək, keçmişimizi özümüzə baltalamaq üçün yüz hoqqa çıxarırlar.

Yüngül adamları önə çəkirlər ki, insanlar ona baxıb müstəqillikdən doysun, bıksın...

Bəli, biləsiniz, sizin bu kimi müzakirələriniz millət kimi formalaşmamıza imkan vermir. Sizin bu kimi müzakirələriniz indi millət üçün o zamankı bolşevik azərbaycanlılarla Milli Hökumət qarşıdurmasından daha təhlükəlidir.

 

Rəsulzadə də, Nərimanov da tarixdir, 100 il əvvəlin tarixidir. Amma ölməyən tarixdir. Və demək istəmirəm ki, milləti üçün can qoyanlar unudulmalıdır, qiymətləndirilməməlidir.

Amma sizin belə müzakirələriniz bizi 100 il, 200 il geriyə atır. Bəlkə də, biməyərəkdən, bəlkə də canıyananlıqdan bunu edirsiniz, amma doğru deyil, vallah doğru deyil.

Qanımıza susayanların bizə yazdıqları reseptlər öz işini görür, özü də 100 illərdir görür, hər birimizin içində biri-birimizə inanmamaq, güvənməmək düşüncəsini oturuşdurublar.

Gəlin düşünək, gəlin ətrafa baxaq, başqa xalqların bu kimi məsələlərdə müzakirəsinə diqqət edək.

 

Çağdaş Azərbaycan Vətəndaşında hansı xüsusiyyətlər çatmır, hansı yaxşı, yaman xüsusiyyətləri var, Azərbaycan Vətəndaşı necə olmalıdır? Aydınlarımız bunun üçün çalışmalıdır. Buna nail olduqda müzakirələr başqa istiqamətdə gedəcək.

Gerizəkalılar aydınların müzakirəsinə qoşula bilməyəcək. Rəsulzadəyə, Nərimanova heç olmasa özümüz söyməyəcəyik.