https://www.zirve.edu.az/
27.01.2020 17:47
Məktəb və müəllim niyə günahkar olmalıdır?! –Cəmiyyətin yanlış fikri, sərt baxışı

Yeniyetmələrin sosial fəallığı, düzgün aspektdə şəxsiyyət kimi formalaşmaları məsələsində müxtəlif baxış bucaqları mövcuddur. Çoxları isə istənilən məsələdə əsas qınaq obyekti kimi məktəbi görür, problemi orta ümumtəhsil müəssisələrində hər hansı mexanizmin düzgün işləməməsi ilə əlaqələndirirlər.

Bəs, cəmiyyətin məktəbə qarşı bu aqressiyasının səbəbi nədir? Ümumiyyətlə, şagirdin təlim, tərbiyə, sosial inkişaf, şəxsiyyət kimi formalaşmasındakı problemlərin günahını kimdə, nədə axtarmalıyıq?

“Əsas problemi valideynin uşağı kitaba cəlb etməməsində görürəm”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev xatırladıb ki, şagird vaxtının bir neçə saatını müəllimlə, qalan hissəsini isə ailəsi ilə keçirir. Onun təhsil həyatında valideynin də müəllim qədər rolu olmalıdır:

“Yalnız müəllim və məktəbləri qınamağı düzgün hesab etmirəm. Çünki şagird tərbiyə, davranış, milli adət-ənənələr baxımından daha çox valideynindən nümunə götürür, həyatını onun istiqamətinə uyğun qurub özünü inkişaf etdirir. Valideyn övladının üzərində müəllim qədər işləməlidir. Müəllim 4 saat ərzində şagirdə elm, bilik qazandırılmasında, təfəkkürünün inkişaf etdirilməsində rol oynaya bilər. Amma təəssüf, müəllimin bir neçə saatda  bunların hamısını çatdırmaq imkanı yoxdur. Dərsliklər də yeniyetmənin təlim–tərbiyəsi, perspektivli gələcəyi istiqamətində də yetərli deyil.

Fikrimcə, bu çatışmazlıqları valideyn özü aradan qaldırmalıdır. O, şagirdi əlavə kitab, kurslar vasitəsilə inkişaf etdirməlidir. Yeniyetmə həm evdə, həm də məktəbdə öyrənmə bacarığı qazanmalıdır”.

Əfqan Vəliyev valideynlərin maarifləndirilməsinin də əhəmiyyətli olduğunu düşünür:

“Onların çoxu özünü inkişaf etdirmir. Uşaqlara dərslərində köməklik göstərib, onları tərbiyə edə bilmirlər. Valideynin evdə övladına milli ruh, davranış, həyat bilgisi və digər şeyləri öyrədəcək qədər bilgisi, qabiliyyəti yoxdursa, məktəb ona mütləq köməklik etməlidir.

Məktəblərdə psixoloqların sayı da yetərsizdir. Az qala, 10 şagirddən 6-7-sinin psixoloji problemləri var. Belə şagirdlərin valideynləri ilə davranışları öyrənilməli, problemli məktəblilərlə söhbətlər aparılmalıdır. Məktəb öncə şagirdin ailədəki problemini həll etməlidir. Müəllim, psixoloq həm şagird, həm də onun ailəsinə yaxın olmalıdırlar.

Əsas problemi valideynin özünün də uşağı kitaba cəlb etməməsində görürəm. Valideyn övladını kitabdan başqa istiqamətə yönəldirsə, onun qabiliyyəti də aşağı düşür”.

BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev isə bildirib ki, insanın formalaşması, sosiallaşması və tərbiyəsində  bir neçə sosial institut iştirak edir. Onların özəyində isə ailə durur:

“Uşaq ilk sosiallaşma agenti kimi ailə ilə rastlaşır. Onun şəxsiyyət kimi formalaşmasında əsas yük ailənin üzərinə düşür. Amma ailə də psixoloji sağlam mühitdə olmalıdır. Bu olmayanda uşağın həssas psixikası travmaya məruz qalır.

Məsələn, Erik Fromun “İnsani dağıdıcılığın anatomiyası” adlı əsərində həyat və fəaliyyətlərində aqressiv şəxsiyyətlər üzərində tədqiqat aparılıb. Məlum olub ki, məsələn, Adolf Hitlerin aqressiyasının əsas ağırlıq yükü onun uşaqlıq travmalarından qaynaqlanır. Atası vəfat edən Hitlerin anasının başqa biri ilə münasibəti var idi. Həmin şəxs A.Hitlerin gözləri qarşısında anasını aşağılayır, təhqir edirdi. Bu, gələcək Hitlerin əsas uşaqlıq travması idi. Buna görə də kişiləri alçaltmaqdan, qadınları isə məmnun etməkdən zövq alırdı. Ailə başçıları konfliktə girirsə, övladları natamamıq kompleksi ilə böyüyür, travmalı olurlar. Bu, həm onun gələcək ünsiyyət, həm də ailə, kollektiv həyatında fəsadlarını göstərir.

Amerika psixoloqlarının fikrincə, ailədə ən azı 3 uşaq olmalıdır ki, öz xarakterlərini bir–biriləri ilə müqayisə edərək formalaşdıra bilsinlər.

Azərbaycanda isə natamam ailələrin sayı çoxalır. Natamam və bütöv ailələrdə böyüyən uşaqlar eyni məktəbə getsələr də, aralarında fərq hiss olunur. Psixoloji komfort və diskomfort ailələrin övladları arasında xeyli fərq var. Özünə hörmət edən orta məktəb deyir ki, bu uşağın ailəsində psixoloji normal mühit yoxdursa, onu qəbul edə bilmərəm. Çünki bu, tədrisin keyfiyyətinə birbaşa təsir göstərir”.

“Valideyn övladını cəmiyyətə silahsız buraxmış olur”

Üzeyir müəllim bildirib ki, bu kimi məsələlərə məktəbəqədər müəssisələrin də müəyyən rolu var:  

“Dəhşət də elə burada başlayır. Təəssüf, bəzən  ölkə məktəbəqədər və orta ümumtəhsil müəssisələrində müəllim şagirdə ikili standartlarla yanaşır. İkili münasibəti hiss edən şagirddə özgələşmə gedir, aqressiya formalaşır. Düşünür ki, eyni uğuru qazansaq da niyə mənə bir cür, digərinə isə başqa cür münasibət göstərirlər? Bu, şagirdin formalaşmaqda olan düşüncəsinə mənfi təsir göstərir. Bu cür ayrıseçkilik uşağın psixi travmasının əsas şərtlərindəndir.

Yazıq valideyn evdə uşağa ədalətli cəmiyyətdən, hər şeyin yaxşı olmasından danışır. Amma şagird kollektivdə tamam başqa şeylər görür. Valideyn bir növ şagirdi cəmiyyətə silahsız buraxmış olur.

Təhsil Nazirliyi bu istiqamətdə xeyli işlər görüb. “Məktəblinin dostu” layihəsini həyata keçirib, valideyn komitələri yaradıb. Amma bəzi direktorlar hegemonluq edib onları öz əllərində bir alətə çevirirlər. Onların funksionallığına nə dərəcədə nəzarət edilir? Bax, buna görə də, məktəblərdə sosial işçilər olmalı, proseslərin diaqnostikasını aparmalıdırlar.

Proseslərə daha çox təsir edən sosiallaşma agentliyi isə mediadır. Təəssüf, mətbuat orqanları hüquqa zidd əməl törədənlərə kumir kimi hər gün səhifələrində yer verirlər. Bu, şagirdin sosiallaşmasına təsir göstərən ən böyük amillərdən biridir.

Guya böyük kəşf ediblər. Televiziyada siqareti göstərməmək üçün üzərinə fon verirər. Bu, çox yanlış seçimdir. Sanki yeniyetmələrə deyirlər ki, baxın, filankəs siqaret çəkir.

Oyun zallarında çox aqressiv oyunlar var. Orada yeniyetmələri pis vərdişlərə yönəldirlər. İnternet klublarda tüstüdən oturmaq olmur. Tütün məmulatları ilə bağlı sərəncamlar var. Niyə icra olunmur? Onların icrasına nəzarət mexanizmi güclənməlidir. Uşaqların formalaşmasında yalnız məktəb və ailənin deyil, oyun zallarının, sosial şəbəkələrin, KİV-lərin də rolu var.

Ümumiyyətlə, bir insanın formalaşması üçün yalnız məktəb, ailə deyil, bütöv bir kənd, rayon, cəmiyyət iştirak etməlidir. Sosiallaşma agenti kimi ilk amil ailə olduğu üçün hər adam ailə qurmamalıdır. Nigahdan öncə psixoloji testdən də keçməlidirlər. Ailə böyük institutdur, ona həssaslıqla yanaşılmalıdır.  Valideyn missiyasını başa düşməyən ailə qurmamalıdır. Sonra bütün günahlar məktəbdə görülür.

Azərbaycan ailələri patriarxaldır. Uşağı az qala qəbir evinə qədər nəzarətdə saxlayırıq. Ona görə də problemlər yaranır. Ailədə psixoloji komfort olmalıdır”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları